Putinin hazırlıqları NATO-nu narahat etdi! O, dörd ölkəni hədəf aldı


Avropa kəşfiyyat agentlikləri Rusiyanın NATO üzvü olan Baltikyanı ölkələr və Polşaya qarşı məhdud miqyaslı hərbi təxribatlar hazırlaya biləcəyini iddia edib.

Turkustan.az xəbər verir ki, Britaniya mətbuatında yayılan xəbərlərə görə, Latviya kəşfiyyatı Rusiyanın Estoniya, Latviya, Litva və Polşanı hədəf ala biləcək “məhdud hərbi addımları” nəzərdən keçirdiyini bildirib.

NATO üzvü olan bir ölkədən yüksək vəzifəli mənbənin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Baltikyanı ölkələr vasitəsilə NATO-nun həmrəyliyini yoxlamağa çalışa bilər.

Kəşfiyyat qiymətləndirmələrində qeyd olunur ki, Moskva genişmiqyaslı işğal əvəzinə raket, dron və digər hibrid vasitələrlə Qərbə siyasi və hərbi mesajlar göndərməyi hədəfləyə bilər. Bu addımların məqsədinin Ukraynaya dəstəyin azaldılması ola biləcəyi bildirilir.

Digər tərəfdən, hesabatda Ukraynanın son aylarda Rusiyanın neft emalı zavodlarına, enerji obyektlərinə və hərbi infrastrukturuna qarşı uzaqmənzilli dron hücumlarını artırdığı da qeyd olunur.

Analitiklərin fikrincə, bu hücumlar Rusiyanın enerji gəlirlərinə ciddi təzyiq göstərir və ölkənin müharibə iqtisadiyyatına mənfi təsir göstərir. Eyni zamanda, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin uzaqmənzilli dronlara qarşı effektivliyinin məhdud olduğu iddia edilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ