Türkiyənin paytaxtı Ankarada yaşayan Necla Özmen ötən il ABŞ Prezidenti Donald Trampın bioloji atası olduğunu iddia edərək atalıq iddiası qaldırsa da, Ankara 27-ci Ailə Məhkəməsi konkret sübutların təqdim edilmədiyini əsas gətirərək iddianı rədd edib.
Turkustan.az xəbər verir ki, Özmen NATO Zirvəsi çərçivəsində Trampın Türkiyəyə səfər edə biləcəyi ilə bağlı xəbərlərdən sonra ABŞ-nin Ankaradakı səfirliyi vasitəsilə ona məktub ünvanlayıb.
Məktubunda Trampdan Ankarada onu qəbul etməsini xahiş edən Özmen, şəxsən görüşməyin ən böyük arzusu olduğunu bildirib. O, görüşün baş tutacağı təqdirdə özünü "dünyanın ən xoşbəxt qızı" hesab edəcəyini qeyd edib.
Necla Özmen açıqlamasında həm Türkiyəni, həm də ABŞ-ni sevdiyini deyərək, Trampın Ankaraya gələcəyi xəbərini eşidəndə çox həyəcanlandığını bildirib.
O, Trampı ata kimi gördüyünü və onunla görüşərək həm söhbət etmək, həm də atalıq iddiası ilə bağlı başladığı hüquqi prosesdən xəbərdar olub-olmadığını soruşmaq istədiyini deyib. Özmen əlavə edib ki, görüş baş tutmasa, buna görə məyus olacaq.
Aytən Yaşar/ Turkustan.az