Xəzər çəkilir, fəsadları qapımıza dayanır – 173 ölü nərə həyəcan yaratdı


“Xəzər dənizini təkcə regionun deyil, bütövlükdə Avrasiyanın ağciyərləri hesab edə bilərik. Çünki Xəzər dənizi öz suları ilə birlikdə regionda temperaturun tənzimlənməsində çox böyük rol oynayır. Məhz buna görə Bakıda Qaraqum və ya Qobi səhralarında müşahidə olunan istiləri görmürük. Xəzərin kiçilməsi ilə bu təsir də azalacaq”.

Bu barədə Musavat.com-a açıqlamasında ekoloq Rövşən Abbasov deyib. Ekoloq qeyd edib ki, Xəzərin dayazlaşmasının əsas mənfi nəticələrindən biri biomüxtəlifliyə dəyən ziyandır. Dənizin səviyyəsinin aşağı düşməsi balıqların yaşayış sahələrini daraldır, iqlim dəyişmələri nəticəsində suyun daha çox isinməsi isə oksigen çatışmazlığına və balıqların kütləvi ölümünə gətirib çıxara bilər:

“Ötən gün kütləvi balıq ölümləri barədə məlumat aldıq. Əlbəttə ki, dəniz dayazlaşdıqca balıqların yaşayış yerləri də kiçilir. İqlim dəyişmələri nəticəsində dənizin suları daha çox qızır. Bu isə oksigen çatışmazlığına və balıqların kütləvi şəkildə boğulmasına gətirib çıxarır.

Üçüncü amil iqtisadiyyata dəyən zərbədir. Bayaq da qeyd etdiyim kimi, balıqların azalması balıqçılıq sektorunun ciddi şəkildə kiçilməsinə səbəb olur. Bütün Xəzəryanı ölkələrdə balıqçılıq sektorunda ciddi geriləmələr müşahidə edilir. Bu amil də mütləq nəzərə alınmalıdır.
Bundan əlavə, Xəzər sahilindəki qorunan ərazilərdə də dəyişikliklər baş verir. Volqa deltasındakı və Azərbaycanın sahil ərazilərindəki bataqlıqların, eləcə də digər sahil-bataqlıq ərazilərinin yerinin dəyişməsini müşahidə edirik. Bu, bir çox hallarda biomüxtəliflik üçün ağır nəticələr doğurur".

Rövşən Abbasov vurğulayıb ki, Xəzərin geri çəkilməsi nəqliyyat və gəmiçilik imkanlarına da mənfi təsir göstərir:

"Burada xüsusi vurğulamaq lazımdır ki, Volqa-Xəzər gəmiçilik kanalı sürətlə dayazlaşır. Rusiya hər il bu kanalın saxlanılmasına daha çox vəsait ayırır. Gəmilərin Xəzər dənizindən Volqa çayına və geriyə hərəkətini təmin etmək üçün kanal mütəmadi olaraq dərinləşdirilir. Bu baxımdan, əlbəttə ki, Azərbaycana da ziyan dəyir. Çünki Azərbaycanın gəmiləri də Rusiya vasitəsilə dünya okeanına çıxır. Dayazlaşma bu prosesi çətinləşdirərsə, gəmilərimizin hərəkət imkanları da məhdudlaşacaq.
Nəqliyyatla bağlı digər ciddi problem Xəzəryanı ölkələrin limanlarında yaranıb. Bu məsələ ayrıca qeyd olunmalıdır. Dayazlaşma nəticəsində gəmilərin limanlara yanaşması çətinləşib".

Ekoloq qeyd edib ki, Xəzərin geri çəkilməsi sahilboyu turizm obyektlərinə də təsirsiz ötüşmür:

"Turizm obyektlərinə də ciddi ziyan dəyir. Xəzər sahilində yerləşən ərazilərə getsək, görərik ki, bəzi hotellər və digər qonaqlama obyektləri artıq dənizdən kilometrlərlə uzaqda qalıb. Bu da Xəzərin geri çəkilməsinin vurduğu ziyanlardan biridir.

Ümumilikdə, Xəzərin geri çəkilməsinin mənfi nəticələrini sadalasaq, onların kifayət qədər çox olduğunu görə bilərik”.

Xatırladaq ki, Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Hadisə Xəzərin ekoloji vəziyyəti və su bioresurslarının təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Bəzi ekoloqlar nərə balıqlarının kütləvi tələfatını dənizdəki ekoloji problemlərlə əlaqələndirirlər.


MANŞET XƏBƏRLƏRİ