"Davamlı Elmi-Sosial İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sosial iqtisadi dirçəlişdə qadın izi" layihəsi çərçivəsində növbəti tədbirini fəaliyyət proqramına uyğun olaraq bu dəfə Cəbrayıl rayonunda həyata keçirdi.
Tədbiri giriş sözü ilə açan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı qeyd edib ki, Cəbrayıl rayonunun yenidən qurulması və iqtisadi həyatının canlandırılması qadınlar üçün də yeni biznes və məşğulluq imkanları yaradır. Bu prosesdə qadınların iqtisadi fəallığının artırılması yalnız onların şəxsi gəlirlərinin yüksəlməsinə deyil, ailələrin sosial rifahına və rayonun dayanıqlı inkişafına da mühüm töhfə verə bilər.
Cəbrayılda qadınlar üçün kənd təsərrüfatı və aqrobiznes, qida məhsullarının emalı, arıçılıq, heyvandarlıq, toxuculuq və əl işləri, xidmət sahələri, kiçik ticarət, eləcə də rəqəmsal və onlayn biznes istiqamətləri perspektivli imkanlar yarada bilər. Yerli resurslardan və milli-mədəni irsdən istifadə etməklə qadınların hazırladığı məhsulların brendləşdirilməsi və daha geniş bazarlara çıxarılması əlavə gəlir mənbələrinin formalaşmasına şərait yarada bilər.
“Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyinin sədri Reyhanə Hacıyeva bildirib ki, yenidən qurulan Cəbrayılda formalaşan yeni iqtisadi imkanlar qadınların öz bacarıq və təcrübələrinə uyğun sahələrdə fəaliyyət göstərməsinə, o cümlədən kənd təsərrüfatı, ərzaq istehsalı, əl işləri, xidmət, ticarət və digər kiçik biznes istiqamətlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şərait yaradır.
Natiq bildirib ki, biznes qurmaq istəyən qadınlar üçün peşə təlimlərinin, sahibkarlıq proqramlarının və maliyyə savadlılığı üzrə layihələrin artırılması xüsusi əhəmiyyət daşıyır. Qadınların biznes ideyalarını reallaşdırması üçün lazımi bilik və bacarıqlara yiyələnməsi onların daha inamlı addımlar atmasına imkan verə bilər.
Daha sonra “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva çıxışında bildirib ki, müasir dövrdə qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması böyük əhəmiyyət daşıyır. Öz bacarıqlarını inkişaf etdirən və əmək bazarında fəal iştirak edən hər bir qadın yalnız öz gələcəyinə deyil, həm də ailəsinin və övladlarının gələcəyinə investisiya qoyur.
Maraqlı təşəbbüslər və sual-cavab müzakirəsi ilə yekunlaşan tədbirdə iştirak edən sahibkar xanımlara layihə rəhbəri Reyhanə Hacıyeva tərəfindən hədiyyələr və sertifikatlar təqdim edilib.