Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın gələcəkdə Bakıya səfər etməyə ümid bəslədiyini açıqlayıb. Lakin o, hələlik iki ölkənin xarici işlər nazirlərinin qarşılıqlı səfərləri ilə bağlı rəsmi razılaşmanın əldə olunmadığını etiraf edib.
Turkustan.az xəbər verir ki, erməni diplomat bu barədə noyabrın 5-də jurnalistlərə açıqlamasında bildirib.
Mirzoyanın sözlərinə görə, Azərbaycan və Ermənistan diplomatik korpus nümayəndələrinin və rəhbərlərinin qarşılıqlı səfərləri yalnız münasibətlərin normallaşması dərinləşdikcə və yeni mərhələlər təsdiqləndikcə reallaşa bilər.
"Hazırda konkret razılaşmalar yoxdur", - deyə nazir vurğulayıb.
O, sülhün bünövrəsi möhkəmləndikcə tərəflərin maneəsiz şəkildə bir-birinin paytaxtlarına səfər edəcəklərinə və birgə dövlətlərarası tədbirlərə qatılacaqlarına ümid etdiyini diqqətə çatdırıb./Musavat.com