Yusif Tapdıqlı: İstehlakçı müraciətlərinin sayı ötən illə müqayisədə 2 207 ədəd artıb


2026-cı ilin yanvar-oktyabr aylarında istehlakçı müraciətlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı bildirib.

Onun sözlərinə görə, Agentliyin təqdim etdiyi statistikaya əsasən, 2025-ci ilin ilk 10 ayında ümumilikdə 7 053 istehlakçı müraciəti daxil olub. Onlardan 6 390-ı yeni, 663-ü isə əvvəlki ildən qalan müraciətlər olub. Həmin dövrdə Agentlikdə baxılması yekunlaşan müraciətlərin sayı 5 032, təmin edilən müraciətlərin sayı isə 2 105 təşkil edib. İstehlakçılara ümumilikdə 301 792,1 manat vəsait qaytarılıb.

Yusif Tapdıqlı qeyd edib ki, 2026-cı ilin eyni dövründə daxil olan müraciətlərin sayı 9 260-a yüksəlib. Müraciətlərin 8 766-sı yeni, 494-ü əvvəlki ildən qalan müraciətlər olub. Agentlikdə baxılması yekunlaşan müraciətlərin sayı 6 080, təmin edilən müraciətlərin sayı isə 2 399 olub. İstehlakçılara qaytarılan vəsaitin ümumi məbləği 314 997,5 manat təşkil edib.

Beləliklə, 2026-cı ilin ilk 10 ayında daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 207, təmin edilən müraciətlərin sayı 294 vahid artıb. İstehlakçılara qaytarılan vəsaitin məbləği isə 13 205,4 manat çox olub.

Məlumata görə, 2025-ci ilin ilk 10 ayında aidiyyəti orqanlara 1 560 müraciət göndərilib, növbəti aylarda icrası davam etdirilən müraciətlərin sayı 461, tərtib olunan protokolların sayı isə 51 olub.

2026-cı ilin eyni dövründə aidiyyəti orqanlara göndərilən müraciətlərin sayı 2 312-yə, icrası davam etdirilən müraciətlərin sayı 868-ə yüksəlib. Tərtib olunan protokolların sayı isə 41 təşkil edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ