Antalyada yerləşən və uzun illər “7 ulduzlu otel” kimi təqdim olunan dəbdəbəli "Mardan Palace"ın arxasında böyük pullar, qalmaqallar və ard-arda baş verən sahib dəyişikliyi dayanmaqdadır.
Turkustan.az Sfera.az-a istinadən xəbər verirki, otel Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov tərəfindən 1,4 milyard dollar sərmayə ilə inşa edilib. 2009-cu ildə dünya ulduzlarının iştirakı ilə möhtəşəm açılışla fəaliyyətə başlayan "Mardan Palace" qısa müddətdə Türkiyənin ən dəbdəbəli hotellərindən biri kimi tanınıb.
Lakin dəbdəbəli başlanğıc uzunömürlü olmadı. Bir neçə il sonra Telman İsmayılovun biznes imperiyasında yaranan maliyyə problemləri "Mardan Palace"a da təsir etdi. Otel böyük borclar səbəbindən icraya məruz qaldı və nəticədə "Halkbank"ın balansına keçdi.
"Halkbank" "Mardan Palace"ı 10 illik icarə müqaviləsi ilə "Titanic Hotels" otel şəbəkəsinə verdi. Bu mərhələdə otel fəaliyyətini davam etdirsə də, mülkiyyət məsələsi uzun müddət gündəmdə qaldı. Keçən həftə isə "Mardan Palace"la bağlı növbəti mühüm dəyişiklik baş verdi. Rusiyadan Türkiyəyə ən çox turist göndərən üç böyük tur operatorundan biri olan "Pegas Touristik"in sahibi Akpınar Ailəsinə məxsus "Swandor Hotels" şirkəti oteli satın aldığını rəsmi şəkildə açıqladı.
Beləliklə, bir vaxtlar Telman İsmayılovun şəxsi ambisiyalarının simvolu sayılan "Mardan Palace" bu gün Pegas turizm imperiyasının tərkib hissəsinə çevrilib. Qeyd edək ki, Necla Dalanın qələmə aldığı “günün hekayəsi”nin tam versiyası Patronlar Dünyası platformasında dərc olunub.