Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir. Bu məsələ Milli Məclisin müvafiq komitələrində müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunub.
Cəmiyyətdə dəyişikliklərin tətbiqi mexanizmi ilə bağlı bəzi suallar yaranıb.
Yəni buna nəzarət mexanizmi necə olacaq? İdxalı, satışı, istifadəsi ilə məşğul olanları nə gözləyir, buna görə nə qədər cərimə tətbiq olunması nəzərdə tutulub? və s.
Sualllara cavab tapmaq üçün layihənin təşəbbüskarı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafaya müraciət etdik.
Deputat Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələdə də mütləq məsuliyyət nəzərdə tutulur və bu, cərimə formasında tətbiq olunacaq:
“Siqaretlə bağlı hansı məhdudiyyətlər varsa, onların bir qismi daha yumşaq formada burda da tətbiq olunacaq”.
Millət vəkili cərimələrlə bağlı qanun layihələrinin hazırlandığını qeyd edib:
“Bu istiqamətdə qanunvericilik təşəbbüsü ilə müəyyən addımlar müvafiq komitələrdə hazırlanır və buna nəzarət mexanizmi də müvafiq icra hakimiyyəti orqanına tapşırılacaq.
Təbii ki, buna ideal formada nəzarət etmək və qarşısını almaq mümkün deyil. Bu həm də maarifçilik istiqamətində qanunun anlatılması zəruri olacaq. Qanun layihəsinin ilin sonunadək qəbul olunması və fevral ayının birindən qüvvəyə minməsi planlaşdırılır”.
Xatırladaq ki, Azərbaycanda ictimai yerlərdə, təhsil və tərbiyə, tibb müəssisələrində, habelə onların ərazilərində, idman oyunlarının keçirildiyi binalar və ərazilərdə, kafe və restoranlar daxil olmaqla ictimai iaşə, ticarət və məişət obyektlərində, yerüstü qapalı və yeraltı piyada keçidlərində siqaret çəkmək qadağandır.
İnzibati xətalar məcəlləsində bu ərazilərdə siqaret çəkməyə görə 30 manat, “tütün çəkmək qadağandır” yazısı və nişanı qoyulmamasına görə, vəzifəli şəxslər 400, fiziki şəxslər 1000 manat məbləğində cərimə olunurlar. Ötən ildən küçədə siqaret kötüyünü yerə atanlar 300 manat, bir il ərzində bunu təkrar edənlər isə 700 manat cərimə olunurlar.