"Qaçqınkom" yanında İctimai Şurada vətəndaşlarla əlaqələrin gücləndirilməsi müzakirə olunub


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Turkustan.az xəbər verir ki, yığıncaqda Şuranın cari fəaliyyəti, görülmüş işlər və qarşıdakı dövr üçün prioritet məsələlər müzakirə olunub.

Bildirilib ki, İctimai Şura qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ şəkildə dövlət qurumlarına çatdırılması və ictimai nəzarətin təmin olunması baxımından mühüm rol oynayır.

İctimai Şuranın sədri Anar Xəlilov çıxış edərək Şuranın fəaliyyət istiqamətləri, vətəndaşlardan daxil olan müraciətlərin təhlili və bu müraciətlər əsasında qaldırılan məsələlər barədə məlumat verib. O, xüsusilə sosial şəbəkələr üzərindən daxil olan müraciətlərin artdığını vurğulayaraq bunların sistemli şəkildə araşdırılmasının və vətəndaşlarla əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov öz çıxışında Komitənin fəaliyyətində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb, İctimai Şura ilə əməkdaşlığın Komitə üçün önəmli olduğunu bildirib. O, Şura üzvlərinin təklif və tövsiyələrinin aidiyyəti struktur bölmələr tərəfindən nəzərdən keçirildiyini və bu əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

İclasda, həmçinin, sosial şəbəkələrdən və digər kommunikasiya kanalları vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. İctimai Şura üzvləri bu istiqamətdə öz təklif və tövsiyələrini səsləndiriblər.

Sonda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş fəaliyyətlərin daha da səmərəli qurulması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

No description available.

No description available.


MANŞET XƏBƏRLƏRİ