Ukrayna daha bir zavodu vurdu – Baza və gəmi də hədəf oldu


Ukrayna Silahlı Qüvvələri (USQ) bu gün gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiyanın Krasnodar vilayətində yerləşən Slavyansk neft emalı zavoduna zərbə endirib.

Turkustan.az xəbər verir ki, USQ Baş Qərargahının məlumatına görə, zavod ərazisində partlayışlar və yanğın qeydə alınıb.

Xəbəri təsdiqləyən Krasnodar vilayətinin əməliyyat qərargahı məlumat verib ki, Slavyansk neft emalı zavoduna PUA qalıqları düşüb və 100 kvadratmetr sahədə boru kəmərləri yanıb. Zərbələrdən sonra şəhər qaranlığa qərq olub.

Slavyansk neft emalı zavodu illik 5,2 milyon ton xam neft və kondensatın emalı gücünə malikdir. Zavodun məhsulları Rusiya ordusunun təminatı üçün istifadə olunur.

Ukrayna PUA-ları bundan başqa Rostov vilayətindəki Nikolaevsk neft bazasını da hədəf alıb. İlkin məlumatlara görə, rezervuar və “Kapitan Gibert” adlı gəminin zədələndiyi bildirilir.

Həmçinin Luqansk vilayətindəki 101-ci əlahiddə briqadanın maddi-texniki təminat bölməsinə aid sahənin və anbarın vurulduğu açıqlanıb. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ