Azərbaycanda belə dəfn mərasimləri qadağan edilə bilər? – Erməni detalı


Son zamanlar Azərbaycanda dəfn mərasimlərində dəyişikliklər müşahidə olunur. Məsələn, gənc insan vəfat etdikdə, mərasimdə saz və digər musiqi alətlərindən istifadə edilir, bəzən isə yas sanki “toy” kimi keçirilir. Bu adət cəmiyyətdə birmənalı qarşılanmır və ictimai müzakirələrə səbəb olur.

Belə yas mərasimləri ləğv edilməlidirmi? Ümumiyyətlə, bu addım nə dərəcədə doğrudur? İslam dinində bu cür adətlər necə qarşılanır?

Globalinfo.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, dini qaydalarda yasda ya da dəfn zamanı musiqi ifa etmək yoxdur:

“Dinin tələbinə görə dəfn tədbiri, yas mərasimi elə təşkil olunmalıdır ki, öz mahiyyətini itirməsin, başqaları üçün də ibrət olsun. Ölümün, axirətin xatırlanması əsasən yas məclislərində olur, ona görə də yasda musiqi səsləndirmək məqbul deyil. Düzdür, böyük günah və haram da sayılmır, lakin bəyənilməyən işdir. Çünki Həzrət Məhəmməd Peyğəmbərin ənənəsində belə bir nümunə yoxdur və tövsiyə də etməyib.

Bəzən toyu olmamış cavan adam vəfat edəndə ailəsi yanğıdan musiqiçi dəvət edir, cənazəni musiqi ilə aparırlar. Bu adət Sovet dövründə ermənilərdən bizə keçib. Uşaq olanda Ermənistanda bunun dəfələrlə şahidi olmuşam. Təbii ki, xristianlarda bu, dinlərinə görə məqbuldur: kədərli, həzin musiqi səslənir. Onsuz da kilsədə dualar zamanı da bunu müşahidə edirik. Burada bir qəbahət yoxdur və öz fəlsəfəsi var. Əlbəttə, onlar şaqraq, oynaq mahnılar ifa etmirlər. Düşündürən, təsirləndirən həzin musiqilərə yer verilir. Amma islamda bu musiqi Quranı avazla oxumaqla əvəz edilib. Çünki Həzrət Məhəmməd insan səsinə daha çox önəm verirdi. Məhz ona görə də məsciddə namaza dəvət xristianların kilsə zəngindən və yəhudilərin şeypur çalmasından fərqli olaraq insan səsi ilə əzan oxunmasını məqbul sayıb”.

Azərbaycanda belə dəfn mərasimləri qadağan edilə bilər? – Erməni detalı

Tural İrfan

İlahiyyatçının fikrincə, istər cavan, istər qoca müsəlman üçün dəfn zamanı musiqiyə ehtiyac yoxdur:

“Allah kəlamının avazla oxunması kifayətdir. O ki, qaldı bəzi aşıqlar, şairlər vəsiyyət edirlər ki, öləndə saz ifası ilə dəfn olunsunlar, bunu istisna etmək olar. Çünki vəsiyyəti icra etmək vacibdir. Bu adət çox qədimdən olub. Sadəcə əvvəllər çəkiliş, mobil telefon, sosial şəbəkələr olmadığına görə indiki qədər rezonans doğurmurdu. Həmin məclislərdə mən də olmuşam. Bütün dini qaydalara əməl olunur, ölünün qüslü, kəfəni, qibləsi, namazı icra edilir. Sadəcə sonda vidalaşma anında bir neçə dəqiqəlik türk milləti üçün müqəddəs sayılan saz ifa olunur. Ölümə, axirətə aid ibrətli mənzərə yaranır. Bununla klarnet məclisi fərqlidir. Bu cür dəfn həm də milliliyimizi göstərir.

Xalq şairi Zəlimxan Yaqub, Türk dünyasının böyük ozanı Ədalət Nəsibov, böyük şairimiz Məmməd İsmayıl və bir çoxlarının məzarı üstündə saz çalınıb. Əmi, dayı kimi mənə əziz olan, əslən Göyçə mahalından qonşum mənə vəsiyyət etmişdi ki, dəfnimdə “Dilqəmi” və “Kərəmi” havalarını ifa edərsən. Mən Aşıqlar Birliyinin üzvüyəm və Aşıq Ədalətin də şagirdi olmuşam. Düzdür, yas yerində ifa etmədim, lakin cənazə yola düşəndə evdən elə ifa etdim ki, səsi cənazəyə yetişdi. Çünki əhdimə vəfa etməli, vəsiyyəti yerinə yetirməli idim. Bu adət sadəcə saza, sözə bağlı zümrəyə aid olduğu üçün narahatlığa ehtiyac yoxdur”.

Tural İrfan qeyd edib ki, bəzi bölgələrimizdə mərsiyə oxuyub, sinə vururlar:

“Bu da islam dinində yoxdur. Ona görə çox dərinə getmək lazım deyil. İstisna hallarda, aşıq, şair və saz-söz vurğunu şəxslərin öz vəsiyyəti əsasında, onun dəfn mərasimində qısa şəkildə saz ifa etməkdə, ölümdən ibrət alınası bir neçə bənd şeir deməkdə heç bir qəbahət yoxdur”.


MANŞET XƏBƏRLƏRİ