Zeynəb Xanlarova ermənipərəst müğənnini Bakıya gətirir?


Xalq artisti Zeynəb Xanlarovanın Bakıda anadan olmuş yəhudi əsilli, ermənipərəst müğənni Larisa Dolinanı Azərbaycana dəvət etdiyi iddia olunur.

“Dəyərli həmyerlimiz, sənin mənzil məsələnə görə narahatıq. Məsələni diqqətlə izləyərək hamımız çay içməkdən yorulduq. Vətənə qayıt, bir yerdə çay içək”, - Z.Xanlarovaya aid olduğu bildirilən paylaşımda qeyd olunub.

Turkustan.az Globalinfo.az-a istinadla xəbər verir ki, sözügedən iddianı yayan səhifə Azərbaycana qarşı saxta xəbərlər tirajlayaraq, ictimai rəyə təsir etməyə çalışır. Həmin səhifə digər paylaşımlarında da ölkəmizlə bağlı feyk xəbərlər yazıb.

Zeynəb Xanlarova məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, 2023-cü ilin avqustunda Larisa Dolina fırıldaqçılar vasitəsilə Moskvanın mərkəzindəki mənzilini sataraq əmanətlərini onlara verib. Zərər təxminən 120 milyon rubl qiymətləndirilir. Əməliyyat başa çatdıqdan sonra Dolina alıcı Polina Luryeni məhkəməyə verib.

2025-ci il dekabrın 16-da isə məhkəmə qalmaqallı işlə bağlı qərarını açıqlayıb. Qərara əsasən, mənzil Larisa Dolinanın mülkiyyətində qalacaq, lakin müğənni onu alan şəxsə - tək ana Polina Luryeyə 112 milyon rublu (2,1 milyon manat) geri qaytarmalı olacaq. Bununla belə, iş ikinci instansiyada yekun qərar verilənədək mənzil üzərində mülkiyyət hüququ müvəqqəti olaraq Polina Luryeyə məxsus hesab ediləcək. Sonradan isə mənzil yenidən Dolinanın adına rəsmiləşdiriləcək.

Xatırladaq ki, Larisa Kudelman (səhnə adı Larisa Dolina) 10 sentyabr 1955-ci ildə Bakıda yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası Qalina İzrailevna Kudelmandır (qızlıq soyadı Dolina). O, üç yaşında valideynləri ilə birlikdə Odessaya köçüb.


MANŞET XƏBƏRLƏRİ