İmkansız insanları Həccə göndərmək istəyənlər varmı? - QMİ-dən açıqlama


“Gələn ilin Həcc ziyarəti ilə bağlı hazırlıq prosesi davam edir və müraciətlərin sayı ictimai marağın səviyyəsini aydın şəkildə göstərir”.

Bunu “Yeni Sabah”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, 2026-cı il Həcc mövsümü üçün Azərbaycana ayrılmış kvotanın təxminən 40 faizi dolub.

“Vətəndaşlar hər gün müraciət edir, ümumilikdə aktivlik müşahidə olunur”, - deyə o bildirib.

Vüsal Cahangiri vətəndaşlar arasında Həcc ziyarətinə marağın əvvəlki illərlə müqayisədə sabit və dinamik olduğunu qeyd edərək, müraciətlərin davamlı şəkildə daxil olduğunu vurğulayıb.

İmkansız və sosial cəhətdən həssas təbəqədən olan şəxslərin Həcc ziyarətinə aparılması ilə bağlı sualı cavablandıran QMİ rəsmisi bildirib ki, İslam şəriətinə əsasən Həcc yalnız maddi imkanı və fiziki sağlamlığı olan şəxslərə vacib sayılır: “Bu səbəbdən xüsusi mexanizm nəzərdə tutulmur”.

Bununla yanaşı, o, xeyriyyəçilik təşəbbüslərinin mövcud olduğunu da söyləyib:

“Hər il müxtəlif xeyriyyəçilər tərəfindən bir neçə nəfərin Həcc ziyarətinə göndərilməsi halları olur. Bu zaman göndərən şəxs zəvvarla birlikdə nümayəndəsini də təqdim edir, Qafqaz Müsəlmanları İdarəsinə rəsmi müraciət olunur və proses bizim tərəfimizdən qeydə alınır”.


MANŞET XƏBƏRLƏRİ