Almaniya: Dondurulmuş Rusiya aktivləri Ukraynanın xeyrinə istifadə oluna bilər


Almaniya kansleri Fridrix Merz dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsinə dair razılığa gəlmə ehtimalını 50 faiz olaraq qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Merz dövlət televiziyası ZDF-ə açıqlamasında dondurulmuş Rusiya aktivləri məsələsinin bu həftə keçiriləcək Avropa Birliyi (AB) Zirvə Toplantısında müzakirə olunacağını bildirib. Kansler bu mövzuda razılığın əldə olunması ehtimalına toxunaraq deyib:

“Hazırkı perspektivdən baxsaq, uğur qazanacağımıza dair 50 faiz şans var.”

Merz Avropada bu məsələ ilə bağlı müəyyən narahatlıqların mövcud olduğunu və onları ciddiyə aldığını qeyd edib, lakin bu narahatlıqları bölüşmədiyini də əlavə edib.

Berlində keçirilən Ukrayna ilə bağlı danışıqların uğurlu olduğunu bildirən kansler, atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsi məsələsində mühüm irəliləyiş əldə edildiyini vurğulayıb:

“Amerikalıların atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması məqsədilə avropalılarla birgə işləmək istəyi ilə bağlı əhəmiyyətli irəliləyiş var. Bu, yeni və mühüm bir inkişafdır.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ