İqtisadçı Natiq Cəfərlinin Azərbaycana idxal edilən ət məhsulları ilə bağlı paylaşımı diqqət çəkib. O qeyd edib ki, 2025-ci ilin oktyabr ayından etibarən ölkəmizə Somalidən onlarla ton dondurulmuş qoyun əti idxal edilib. Bildirilir ki, idxal olunan belə məhsulların əsas hissəsi Monqolustan üzərindən gətirilir. Xüsusilə Somalidən gələn ətlər marağa səbəb olub.
Bu ətlər əsasən hansı məqsədlə və harada istifadə olunur? Niyə Somalidən Azərbaycana ət idxal edilir? Ümumiyyətlə, bu idxal yerli ət bazarına necə təsir göstərir?
Globalinfo.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, Somali kimi ölkələrdə ətin qiyməti nisbətən aşağıdır:
“Bu da ölkənin iqtisadiyyatı ilə əlaqədardır. Ümumiyyətlə, dondurulmuş ətlər uzun məsafəni soyuq qida zəncirində, düzgün şərtlərlə gətirilməlidr. Bu, çox mühüm məsələdir, çünki uzun bir yol keçərkən ət çirklənə bilər. Somalidən gətirilən ətlər çox güman ki, dövlət müəssisələrində istifadə ediləcək. Məsələn, cəzaçəkmə müəssisələrində, hərbi hissələrdə, həmçinin bəzi istehsal sexlərində kolbasa üçün istifadə oluna bilər. Əgər ət düzgün kəsilmiş və sanitar-gigiyena qaydalarına uyğun olaraq emal edilibsə, bu cür ətlər heç bir təhlükə yaratmır”.

Ağa Salamov
Mütəxəssis bildirib ki, ən vacib məsələlərdən biri də ətin daşınması və soyuq qida zəncirinin qorunmasıdır:
“Bu şərtlər təmin olunarsa və qida zəncirində heç bir qırılma baş verməzsə, ətin keyfiyyətində problem yaranmaz. Amma bu məhsullar yerli ətlərimizin dadını və ləzzətini verə bilməz. Yəni biz yerli qoyun ətinin dadını Somalidən və ya Monqolustandan gələn ətlərdən ala bilmərik. Buna görə də, yerli ət məhsullarının dadı ilə müqayisədə bu ətlər müəyyən mənada daha aşağı keyfiyyətə malik ola bilər. Lakin düzgün saxlanıldıqda, çirklənməyə məruz qalmadıqda və qida zənciri tam qorunduqda, bu ətlərin istifadə edilməsi təhlükəsizdir”.