“Neqodnı”ların bəziləri hərbi xidmətə aparılacaq – QAYDALAR DƏYİŞDİ


Baş nazir Əli Əsədovun imzaladığı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişikliklərə əsasən, çağırış yaşlı gənc “hərbi xidmətə müvəqqəti yararsız” (“neqodnı”) hesab olunarsa, artıq o, tibb müəssisələrində mütləq qaydada müalicəyə cəlb ediləcək.

Bəs qəbul edilən dəyişiklik hansı istiqamətdə tətbiq ediləcək?

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanovun sözlərinə görə, hazırda Azərbaycanda müvafiq qanunlar əsasında bütün yararsızlar hərbi xidmətə müvəqqəti yararsız sayılır:

“Hər üç ildən bir həmin gənclər tibbi komissiyadan keçərək hərbi xidmətə yararlı olub-olmaması yoxlanılır. Müəyyən bir hissəsi sağlamlığını bərpa edir, hərbi xidmətə çağırılır. Müəyyən hissəsi isə yenə təsdiqlənərək yararsız kimi qeydiyyata alınır. Müvəqqəti yararsız hesab edilənlər də düşünürəm ki, tibbi müəssisələrdə müalicə almalıdırlar və onların müalicə alaraq hərbi xidmətə yararlı vəziyyətdə ola biləcəkləri sualının cavabı da müəyyənləşdirilməlidir.

Anadangəlmə qüsurlar və ya əlillik dərəcəsini alan və aparılan müəyyən müalicələrə baxmayaraq yenə yararsız hesab edilən şəxslərin müvəqqəti yararsız statusunda yox, daimi şəkildə yararsız olaraq qeydiyyata salınması daha məqsədyönlüdür.

Çünki hər üç ildən bir müəyyən qrup yenə də tibbi çağırış məntəqələri vasitəsilə müayinəyə göndərilir və hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələni bilavəsitə təsdiqləyir. Sonu yenə yararsızlıqla nəticələnəcəksə, əlildirsə, yenidən hər üç ildən bir bu vəziyyəti təsdiqləməyə ehtiyac yoxdur.

Çağırış müddətində hansısa xəstəliklərə görə müvəqqəti yararsız hesab edilənlərin tibbi müəssisələrdə sağlamlıqlarının bərpası ilə bağlı proseslər və müalicələr getməli və sonra onlar yararlı vəziyyətdə öz xidmətini davam etdirməlidirlər. Yox, əgər müayinə zamanı tibbi komissiya tərəfindən verilən rəyə görə şəxsin müalicəsi yoxdursa və ya sağlamlığı hərbi xidmətə nə zamansa, yararlı olmayacaqsa onu da məhz daimi yararsız kateqoriyaya salmaq daha məqsədyönlü olardı”.

Ekspert onu da əlavə edib ki, hərbi xidmətə yararsız hesab edilənlər iki qrupa bölünməlidirlər:

“Müvəqqəti yararsız hesab edilib daha sonra yararlı ola biləcək kateqoriya, digəri isə əlillik dərəcəsinə görə hərbi xidmətə, ümumiyyətlə, yararlı ola bilməyənlər.

Bunlar artıq müəyyən sənədləşmə keçərək ayrı formada qeydiyyata düşməlidirlər. Çünki sülh dövründə yararsız hesab edilə bilər, müharibə dövründə qismən yararlı ola bilər. Düşünürəm ki, proses bu istiqamətdə gedərsə, qarşıda qoyulan məqsədlərə nail ola bilərik”.


MANŞET XƏBƏRLƏRİ