Naxçıvan Muxtar Respublikasının kəndlərindən birində mollalıq edən və əxlaqsızlığa görə tutulan 1940-cı il təvəllüdlü B.Həsənov (şərti ad) azadlığa çıxmaq üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib.
Əldə etdiyimiz məlumata görə, o, 4 il yarımlıq həbs qərarının şərti cəza ilə əvəz edilməsini xahiş edib.
Qeyd edək ki, hadisə 27 avqust 2024-cü ildə baş verib. B.Həsənov xeyli müddət qonşuluqda yaşayan qohumu, ağır dərəcəli əqli geriliyi olan birinci qrup əlil 1979-cu il təvəllüdlü kişiyə qarşı xeyli müddət cinsi zorakılıq hərəkətləri edib. Fakt üzə çıxdıqdan sonra cinayət işi açılıb.
O, Cinayət Məcəlləsinin 150.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib. Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə B.Həsənova 4 il 6 ay həbs cəzası verilib.
B.Həsənov Naxçıvan Ali Məhkəməsinə müraciət edərək törətdiyi cinayət əməlini dərk etdiyini, səhvini başa düşdüyünü, əməlindən səmimi peşimançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə çalışdığını, onlardan üzr istəməsini, ailə vəziyyətini, həyat yoldaşının tək yaşamasını və həmçinin səhhətinin pis olmasını nəzərə alaraq onun barəsində təyin olunmuş əsas cəzanın şərti tətbiq olunması (ev həbsi) barədə qərar qəbul edilməsini xahiş edib.
Ancaq Naxçıvan Ali Məhkəməsi onun müraciətinə müsbət cavab verməyib və B.Həsənov həbsdə qalıb./modern.az