Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR – “Kupça” almaq MÜMKÜN OLACAQ?


Xəbər verdiyimiz kimi, Azərbaycanda torpaqların məqsədli təyinatının dəyişdirilməsi üçün 2 əsas müəyyən edilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”da öz əksini tapıb.

Həmin əsaslar ərazilərin planlaşdırılması ilə bağlıdır.

Yəni torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla və kənd təsərrüfatı yerlərindən daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla, torpaqlardan məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi zərurəti ilə bağlı yaranan hallar və s. kimi məsələlər fərmanda öz əksini tapıb.

Məlumdur ki, son 30 ildə minlərlə hektar əkin torpaqları tikinti altına verilib. Təkcə Abşeron yarımadasında 500 mindən artıq mənzil fondu yaradılıb. Amma torpağın təyinatındakı uyğunsuzluq və digər səbəblər həmin mənzillərin özəlləşdirilməsinə imkan vermir.

Bəs bu problem həllini tapacaqmı?

Məsələyə daşınmaz əmlak üzrə ekspert Elnur Azadov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bu Fərmanda bir çox suallara cavab verilir:

“İşğaldan azad olunmuş ərazilərdə, tikinti, şəhərsalma işləri gedir.Həmin torpaqların bir çoxunun təyinatı kənd təsərrüfatı təyinatlı olub. Bax, Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda salınan yaşayış massivləri üçün zəruri hüquqi baza yaratmaq məqsədi daşıyır. Bundan əlavə, bir çox şəhərlərin və qəsəbələrin ətrafında yeni yaşayış massivləri salınıb. Əvvəllər həmin ərazilərdəki torpaqlar kənd təsərrüfatı təyinatlı olub.

Hazırda ölkə üzrə bütün şəhərlərin Baş Planı hazırlanır. Baş Plana görə yeni salınmış yaşayış massivlərinin yerləşdiyi torpaqların təyinatının dəyişdirilməsi zərurəti vardı. Başqa bir məqam ondan ibarətdir ki, bu vaxtadək kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti işlərinin aparılmasına icazə verilmirdi. Hətta həmin torpaq sahəsində emal müəssisəsi, sex tikmək qadağan idi. Lakin bundan sonra kənd təsərrüfatı təyinatlı və 5 hektardan artıq olan torpaqların bir faiz hissəsində tikinti işlərinin aparılmasına icazə veriləcək”.

Sənədsiz evlərə “yaşıl işıq”

Müsahibimiz onu da qeyd edib ki, bu fərmanda diqqət çəkən əsas məqamlardan biri də kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivlərindəki evlərin sənədləşdirilməsinə imkan yaradılmasıdır:

“Artıq bu fərman ayrı-ayrı dövlət qurumlarına imkan verəcək ki, mövcud yaşayış massivlərində sənədləşdirilmə apara bilsin. Bundan başqa, Xəzər dənizində süni adaların yaradılması və tikinti işlərinin aparılması üçün qanunda müəyyən dəyişikliklər olmuşdu. Bu fərman həmin sahəyə də şamil olunur. Ən nəhayət, bu fərman müxtəlif təyinatlı ərazilərdə günəş enerjisi avadanlıqlarının quraşdırılmasına və digər dövlət əhəmiyyətli işlərin aparılmasına əsas yaradacaq”.


MANŞET XƏBƏRLƏRİ