“Statistik məlumatlara əsasən, hazırda Bakı və Abşeron ərazisində çıxarış ala bilməyən 500 mindən artıq fərdi ev var. Bu evlərin böyük əksəriyyətinin sənədi bələdiyyə tərəfindən verilən sərəncamlardır. Vətəndaşlar məhz bu sənəd əsasında torpaq alıb ev tikiblər. Hesab edirəm ki, gələcəkdə sözügedən bələdiyyə torpaqları və orada tikilən evlərlə bağlı çox böyük problem olacaq”.
Bunu Bakupost.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, bu torpaqlar sərəncamla verilib, torpaq verilən şəxslər sərəncamda olan torpaqları satıblar:
“Məlum olduğu kimi, sərəncamın addan ada dəyişdirilməsi mümkün olmadığına görə, bu torpaqlar etibarnamə yolu ilə satılır. Nə vaxtsa həmin torpaqlara çıxarış verilsə, həmin torpaqlar birinci sərəncam verilən şəxsin adına rəsmiləşəcək. Onun isə bu torpağı neçə illərdən sonra faktiki sahibinin adına keçirməsi qeyri-müəyyəndir. Birinci şəxs həyatda deyilsə, onun ailə üzvləri vərəsə sayılır. Vərəsələrin torpaq sahəsinin faktiki sahibin adına keçirilməsinə razılıq verib-verməməsi də sual altındadır. Buna görə də gələcəkdə bizi əmlak sahəsində çox böyük problemlər gözləyir”.
Ekspert qeyd edib ki, başqa şəxs o torpağı alıb, ev tikib, yaşayır, bütün kommunal xidmətlər onun adınadır:
"Kimin şahidi və real faktı olsa, məhkəmə onun xeyrinə qərar çıxaracaq".
Elnur Fərzəliyevin dediyinə görə, bəzən bilərəkdən, bəzən də bilməyərəkdən müxtəlif təyinatlı torpaqlar bələdiyyə torpaqları kimi satılıb:
"Əkin sahələri, neft əraziləri də bələdiyyə torpağı kimi satılıb. O torpaqlarda tikilən evlərin sahibləri sənədi götürüb çıxarış almaq istəyəndə bəlli olur ki, onlar bələdiyyənin deyil, tam fərqli qurumun balansında olan torpaqdır və bələdiyyələrin onları satmağa hüququ yox imiş".