Ev şəraitində hazırlanaraq bazara çıxarılan qidalara serfitikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramına əsasən, 2028-ci ildən bu sahədə tənzimləmə tədbirlərinin görülməsi nəzərdə tutulub. Lakin hansısa serfitikat tələbi yoxdur.
"Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən zəhərlənmələrin 47%-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub. Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Proqramda tədbirin icra müddəti 2028–2032-ci illəri əhatə edir", - deyə o vurğulayıb.
İ.Kərimov əlavə edib ki, həmin məhsulların bazara yerləşdirilməsi ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır.
"Məqsəd ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışı təmin etməklə biznesə dəstək üçün şərait yaratmaq, ən əsası isə istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorunması ilə insan həyat və sağlamlığına töhfə verməkdir.
Sonda bildiririk ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi, cərimələrin tətbiqi kimi yanlış məlumatların yayılması cəmiyyətin həssas təbəqəsini çaşdırmağa hesablanmış cəfəng məlumatlardır", - deyə o bildirib.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə və bir sıra yerli KİV-lərdə ev şəraitində hazırlanaraq bazara çıxarılan məhsullara sertifikat tələbinin olacağı bildirilib. Həmçinin vurğulanır ki, sertifikatı olmayan şəxslər cərimələnəcəklər.