Prezident seçkilərinin keçirildiyi sirli gün – Niyə hər dəfə bu tarix?


Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi. Bu haqda Prezident İlham Əliyev dekabrın 7-də Sərəncam imzalayıb. Sərəncama görə, 2024-cü il fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Turkustan.az bildirir ki, gələn il fevralın 7-si həftənin çərşənbə gününə (3-cü gün) düşür. Xatırladaq ki, son 20 ildə keçirilən bütün prezident seçkiləri həftənin 3-cü gününə təsadüf edib. Əslində, bunun təsadüf olub-olmadığı mübahisəlidir. Necə ola bilər ki, 2003-cü il də daxil olmaqla, keçirilən bütün prezident seçkiləri çərşənbəyə düşür?

İlham Əliyevin iştirak etdiyi və birinci turda böyük üstünlüklə qələbə qazandığı ilk prezident seçkisi 2003-cü ilin 15 oktyabr tarixində, həftənin çərşənbə günü keçirilib.

2008-ci ildə də seçkilər oktyabrın 15-ə təyin olunmuşdu və çərşənbəyə düşmüşdü.

Bundan 5 il sonra – 2013-cü ilin 9 oktyabr seçkiləri də 3-cü gün keçirilmişdi.

2018-ci ilin 11 aprelindəki növbədənkənar prezident seçkisinin həftənin çərşənbə gününə düşməsi məlumdur.

Nəhayət, 7 fevral 2024-cü ilə təyin olunan növbədənkənar prezident seçkiləri də çərşənbə gününə təsadüf edir.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə və Milli Məclisə seçkilər istisnasız olaraq bazar günlərinə təyin edilir.

Seçkilərin çərşənbə gününə təyin edilməsi ilk baxışdan diqqət çəkməsə də, bunun xüsusi mahiyyət daşıdığı istisna oluna bilməz. Əksər ölkələrdə önəmli siyasi qərarlar verilmədən öncə məsələ hər tərəfli araşdırılır. Bura ölkədaxili sosial vəziyyət, qonşularla münasibət, geopolitik faktorlar və s. daxildir. Eləcə də astroloji, numeroloji amillər də gözardı edilmir.

Bütün hallarda qarşıdakı 2 ay olduqca həssas və önəmli mərhələ olacaq. Azərbaycan üçün xeyirli və uğurlu keçməsini diləyirik. /Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ