ABŞ-nin desant briqadası Ermənistanda niyə qalıb? - Şok səbəb


11-20 sentyabr aralığında Ermənistanda keçirilən “Eagle Partner-2023” hərbi təlimlərinin 1 həftəyə yaxındır ki, bitməsinə baxmayaraq, ABŞ hərbçilərinin hələ də Ermənistanda olmasına dair iddialar səslənir.

Bir çox siyasi analitiklərin fikrincə, təlimlərdə iştirak edən ABŞ-nin 101-ci Hava Desant Diviziyasının 1-ci Briqadası və Kanzas Milli Qvardiyasının əsgərləri təlimlərdən sonra siyasi vəziyyətin getdikcə gərginləşdiyi Ermənistanda qalaraq, Paşinyan əleyhinə aksiyaların genişlənməsi fonunda hakimiyyət çevrilişinə əngəl ola bilər.

Xatırladaq ki, son günlər rəsmi Moskvanın İrəvana vurduğu eyhamlar sırasında Ermənistanın Rusiyanın orbitindən çıxaraq, Qərbə meyllənməsi ilə bağlı ittihamlar da yer almaqdadır.

Yenisabah.az-la söhbətində politoloq Sülhəddin Əkbər deyib ki, Ermənistanda keçirilən ABŞ-Ermənistan “Eagle Partner-2023” hərbi təlimlərində ABŞ-nin 75 hərbçisi iştirak edirdi və bu, elə də böyük bir qüvvə deyil ki, Nikol Paşinyanı hakimiyyətə qarşı olan etirazlar çərçivəsində iqtidarda saxlasın.

Onun sözlərinə görə, bu təlimlər sülhyaratma əməliyyatları kontekstində keçirilib və Birləşmiş Ştatlar hər halda bu məsələdə Rusiyadan fərqli davranır:

“Düşünmürəm ki, həmin hərbçilərdən mühafizə məqsədi ilə istifadə olunsun. Məsələnin ikincisi tərəfi isə budur ki, ABŞ-nin Ermənistanda Paşinyan iqtidarını ayaqda saxlamaq üçün kifayət qədər kəşfiyyat, təhlükəsizlik və hərbi qüvvəsi var. Əgər əlavə qüvvəyə ehtiyac olarsa, həmin qüvvələr də gətiriləcək. Ona görə də həmin qüvvələrin Ermənistanda saxlanmasına indiki perspektivdə ehtiyac yoxdur”.

Siyasi analitikə görə, bu gün Ermənistanda ABŞ-nin yüzlərlə dəniz piyadası var və onların təcrübələri böyükdür:

“Nəzərə almaq lazımdır ki, onlar yerli hakimiyyət qüvvələri - polis, Milli Təhlükəsizlik Xidməti, Baş nazirin Mühafizə Xidməti və digər qurumlarla sıx əməkdaşlıq edirlər. Məncə, Ermənistanda yetərli qüvvə var deyə, orada əlavə qüvvəyə ehtiyac olacağını düşünmürəm. Yox, əgər əlavə qüvvəyə ehtiyac olarsa, onlar da gətiriləcək. Əlavə qüvvənin gətirilməsi üçün də səs-küyə ehtiyac yoxdur. Birləşmiş Ştatlar Paşinyanı qorumaq üçün mülki formada əlavə qüvvəni istənilən an gətirə bilər”.


MANŞET XƏBƏRLƏRİ