"Avropa ölkələri qiymət artımının qarşısını almaq üçün qaz alışını birgə həyata keçirəcək. Bunun üçün artıq bu həftə Avropa Komissiyası tərkibində bir işçi qrup yaradılacaq".
Bunu Yenisabah.az-a "Neft Araşdırmaları Mərkəzi"nin rəhbəri İlham Şaban bildirib.
O, martın 21-23-də Vyanada keçirilmiş Avropa Qaz Konfransının (EGC) nəticələrini şərh edib.
Bu toplantıda Rusiya qazından asılılığın aradan qaldırılması ilə yanaşı, Ukrayna böhranı çərçivəsində enerji resurlarına yeni alternativlərin axtarılması məsələsi də gündəmə gətirilib.
İlham Şabah bildirib: "Avropa İttifaqı (Aİ) ölkələri qeyd edib ki, Rusiya qazından xilas olmaq, yəni həmin asılılığı tamamilə aradan qaldırmaq lazımdır. Düzdür, əvvəl deyilirdi ki, 2030-u ilə qədər Rusiya qazının idxalını sıfıra endirmək lazımdır və bu tezis qüvvədə qalıb. Lakin indi prosesi 2 ilə sürətləndirmək qərara alınıb. Yəni Rusiya qazının idxalı 100 milyard kubmetrə qədər azaldılacaq.
İkincisi, Avropa ölkələri qiymət artımının qarşısını almaq, habelə enerji təhlükəsizliyini gücləndirmək üçün qaz alışını birgə həyata keçirəcək. Bunun üçün artıq bu həftə Avropa Komissiyası tərkibində bir işçi qrup yaradılacaq.
Son və üçüncü mühüm addım ondan ibarətdir ki, Avropanın ümumi elektrik enerjisi bazarının imkanları birləşdiriləcək. Çünki şimalda çoxlu alternativ enerji mənbələri var, ancaq onun istehlak həcmi böyük deyil. Qitənin cənubu və mərkəzində istehlak daha çoxdur. Onun nəqli üçün infrastruktur genişləndirilməlidir".
Ekspert əlavə edib:
"Həmçinin, Avropa Qaz Konfransında qeyd edilib ki, Ukrayna Ümümavropa Elektrik Enerjisi Şəbəkəsinə daxil ediləcək və Ukraynanın enerji təhlükəsizliyi məsələsi ilə də sözügedən işçi qrup məşğul olacaq".
Mərkəz rəhbəri Rusiya qazına görə rublla ödəniş məsələsinə də aydınlıq gətirib:
"Qazın rus rublu ilə ödilməsi ilə bağlı artıq martın 25-də Avropa Komissiyasının rəhbəri, o cümlədən bir çox ölkə liderləri fikirlərini açıqlayıb. Bu ölkələr uzun müddətdir ki, Rusiya qazı alır. Əgər müqavilədə ödənişin rublla ödənilməsi qeyd olunmayıbsa, birtərəfli qaydada dəyişiklik etmək müqavilə şərtlərinin pozulması deməkdir. Ancaq müqavilədə digər valyutalar və buna yönəlmiş xassələr varsa, o zaman mümkündür. Lakin belə sənədlər varsa da, sayı, yəqin ki, çox deyil".