ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsin 2025-ci il mayın 29-da Azərbaycana etdiyi rəsmi səfərin arxasında ciddi geosiyasi və strateji mesajlar dayanır. Bu səfər Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər.
Stiv Deyns 1984-cü ildən ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvüdür. O, 2012-ci ildə Nümayəndələr Palatasına, 2014-cü ildə isə Senata seçilib. Bundan əvvəl isə ABŞ-ın aparıcı texnologiya şirkətlərində çalışıb. Ən mühüm cəhətlərindən biri isə onun ABŞ Prezidenti Donald Trampa yaxınlığıdır. 2023-cü ildə Tramp prezidentliyə namizədliyini irəli sürdükdən dərhal sonra onu açıq şəkildə dəstəkləyən ilk konqres üzvlərindən biri də məhz Stiv Deyns olmuşdu. Bu faktın özü belə onun səfərinin sadəcə rəsmi görüşlər çərçivəsində məhdudlaşmadığını, Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni istiqamətlər axtardığını göstərir.
Ümumiyyətlə, Trampın yenidən üzünü Cənubi Qafqaza çevirəcəyi gözlənilən idi. Onun əvvəlki prezidentlik dövründə enerji təhlükəsizliyi, İranın regional təsirinin məhdudlaşdırılması, İsrail–Azərbaycan münasibətləri və Çinə qarşı iqtisadi mübarizə prioritetlər sırasında idi. Bu aspektlərin hər birində Azərbaycan coğrafi mövqeyi və strateji resursları baxımından ABŞ üçün mühüm tərəfdaş hesab olunur.
Hazırda isə regional gündəmin əsas məsələsi Azərbaycan-Ermənistan danışıqları və mümkün sülh sazişinin imzalanmasıdır. Stiv Deynsin səfəri bu prosesi birbaşa regionda müşahidə etmək və ilk mənbədən qiymətləndirmə aparmaq məqsədi daşıya bilər. Vaşinqton bu sülh prosesində hansı formada iştirak edəcəyini müəyyən etməyə çalışır və bu qərar ABŞ-ın regiondakı maraqlarını necə qoruyacağı ilə sıx bağlıdır.
Deynsin xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdiyi görüşlər isə əməkdaşlığın yalnız siyasi deyil, həm də iqtisadi sahələri əhatə etdiyini ortaya qoyur. Xüsusilə enerji, texnologiya, ticarət və investisiya sahələrində ABŞ–Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi Vaşinqton üçün vacib prioritetlərdəndir.
Azərbaycan da öz növbəsində ABŞ-la əlaqələrin dərinləşdirilməsində maraqlıdır. Lakin bu maraqla yanaşı, müəyyən ehtiyatlılıq da müşahidə olunur. İki ölkə arasında zaman-zaman formalaşan etimad problemi tam aradan qalxmayıb. Bu etimadı bərpa etmək üçün isə konkret və real addımlar atılmalıdır. Bu kontekstdə ABŞ-ın 1992-ci ildə qəbul etdiyi “907-ci düzəliş”in ləğvi və ya icrasının dayandırılması məsələsi önə çıxır.
Məlum olduğu kimi 907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa yardım göstərməsini məhdudlaşdıran hüquqi normadır. Bu düzəliş artıq müasir geosiyasi reallıqlarla uzlaşmır və Vaşinqtonun Azərbaycana etibarlı strateji tərəfdaş kimi yanaşmasına əngəl yaradır. Prezidentin müəyyən şərtlər daxilində bu düzəlişin tətbiqini dayandırmaq hüququ olsa da, tam ləğv edilməsi, münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini sürətləndirə bilər. Son zamanlar bəzi ABŞ senatorları bu düzəlişin ləğvini və ya dondurulmasını gündəmə gətiriblər ki, bu da müəyyən pozitiv siqnalların olduğunu göstərir.
Nəhayət, Donald Tramp ilə Prezident İlham Əliyev arasında birbaşa görüş ehtimalı kifayət qədər real görünür. Bu görüşün baş tutması, iki ölkə arasında strateji, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə, həmçinin regiondakı mühüm məsələlərin birbaşa müzakirəsinə imkan yaradacaq. Bu görüş Vaşinqtonun Azərbaycanla əlaqələrə verdiyi strateji dəyərin göstəricisi ola bilər.
Stiv Deynsin Bakıya səfəri nəticə etibarilə ABŞ-ın regionda daha aktiv rol oynamağa hazır olduğunu, Azərbaycanla münasibətləri prioritetləşdirdiyini və Vaşinqtonun gələcək Cənubi Qafqaz siyasətində Bakının mərkəzi yer tutacağını nümayiş etdirir. Bu səfəri politoloji təhlil prizmasından dəyərləndirsək, deyə bilərik ki, bu, sadəcə bir səfər deyil, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin başlanğıcıdır.
Turan Rzayev
Globalinfo.az