İranın Azərbaycandakı yeni səfirindən GÖZLƏNTİLƏR


İran Azərbaycana yeni səfir təyin edib. İran Xarici İşlər Nazirliyinin ötən gün yaydığı məlumatda səfirin adı açıqlanmasa da, bu gün İran mediası diplomat Müctəba Dəmirçilinin bu vəzifəyə gətirildiyini yazıb. O, əvvəllər İranın Azərbaycandakı səfirliyində ikinci katib kimi çalışıb.

Bu təyinat iki ölkə arasında münasibətlərin normallaşması fonunda baş verir. Artıq Bakıdan Təbrizə birbaşa uçuşlara start verilir. Tehrana olan aviareyslərin sayı da artırılır.

İran və Azərbaycan arasında diplomatik təmaslar intensivləşib. Tərəflər iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırırlar.

Modern.az-a açıqlamasında Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, İranla münasibətlər xüsusi əhəmiyyət daşıyır:

“Məlum olduğu kimi, bir müddət Azərbaycan-İran münasibətlərində gərginlik vardı. Həmin dövr deyə bilərik ki, artıq arxada qalıb. Bu gün hər iki ölkə əlaqələrin daha da gücləndirilməsi üçün addım atırlar. Bir müddət əvvəl Azərbaycan rəsmiləri İrana, İran Prezidenti isə Azərbaycana səfər etdi. Bununla da münasibətlərimiz yeni mərhələyə qədəm qoyub. İran bizim üçün strateji ölkədir. Bu ölkə dövlətçilik ənənələrinə malikdir. İranla münasibətlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Bununla bağlı cənab Prezident İlham Əliyev öz mövqe və və yanaşmasını bildirib”.

C.Məmmədov söyləyib ki, İranla münasibətləri daha da gücləndirib, inkişaf etdirməliyik:

“Bu gün əlaqələrin inkişafı hər iki ölkənin xüsusi marağındadır. Dövlətlərarası əlaqələrin inkişafında səfirlərin böyük, müstəsna rolu var. Ona görə də Azərbaycanda səfririn kim olması önəmlidir. Məlumatlara görə yeni səfir Avrasiya regionu üzrə mütəxəssisdir. O, Xarici İşlər Nazirliyində uzun müddət işləyib. Ən önəmli məsələlərdən biri Azərbaycandakı İran səfirliyində işləməsidir. Ona görə bu məsələ ikitərəfli əlaqələrin inkişafına, güclənməsinə müstəsna töhfəsini verəcək”.

Deputat yeni səfirdən gözləntilər barədə də danışıb: “Yeni səfirdən gözləntilər ondan ibarətdir ki, əməkdaşlığımız daha da güclənsin. Əlaqələrimizin davamlı inkişaf etdiyini görəcəyimizə ümid edirik. Davamlı olaraq əlaqələrimizin inkişaf etdiyini görəcəyik. Bunlar çox mühüm şərtlərdir. Azərbaycan da, İran da çalışır ki, əlaqələrimiz yalnız və yalnız inkişaf edib, irəliyə doğru getsin. Bir daha səfirlərimizin üzərinə böyük vəzifə düşür. Biz inanırıq ki, yeni səfir də bu istiqamətdə çalışaraq, əlaqələrin, münasibətlərin inkişafın, iki xalq arasında etimad mühitinin yaranmasına, öz vacib mühüm töhfəsini verəcək”.

Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Aydın Mirzəzadə vurğulayıb ki, yeni səfirin təyinatı ilə münasibətlərin daha da inkişaf edəcəyinə ümid edir:

“İran dövləti Azərbaycana kimi səfir təyin edəcəyini özü müəyyən edir. Bununla belə artıq adıçəkilən şəxsin tərcümeyi-halı göstərir ki, təcrübəli diplomatdır. Azərbaycanla münasibətlər tarixinə və eyni zamanda görülən işlərdən xəbərdardır. Onun təyinatı ilə iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümid edirik. Son dövrlərdə Azərbaycan-İran münasibətləri artıq normal, mehriban qonşuluq müstəvisinə keçir. Bundan əvvəl dünyasını dəyişən Prezident Rəisinin və hazırki dövlət başçısı Məsud Pezeşkianın Azərbaycana səfərləri zamanı iki dövlət arasında münasibətlərin ancaq yaxşı müstəvidə qurulması ilə bağlı bəyanatlar verildi. Azərbaycan rəsmilərinin də İrana səfəri ölkəmizin İranla yaxşı münasibətlər istəyini ortaya qoydu. Cənab Prezident İlham Əliyev İran Prezidenti ilə görüşdə Azərbaycan-İran münasibətlərini müsbət qiymətləndirdi. Yeni səfirin təyinatı bu əlaqələrin inkişafına, ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edəcəyinə inanırıq. Azərbaycan qonşu İranla yaxşı münasibətlər saxlayıb, eyni münasibəti də hər zaman ondan gözləyir”.


MANŞET XƏBƏRLƏRİ