Qurban bayramı ərəfəsində bir sıra məsələlər müzakirə obyektinə çevrilir. Bir qisim bildirir ki, qurban vermək təkcə qoyun kəsməkdən ibarət deyil. Yəni “özünüzdən bir şey fəda edin” deyərkən, ağıllara heyvan gəlməməlidir. Kiminsə ətə yox, çörəyə yaxud digər maddi şeylərə ehtiyacı ola bilər. Hətta iddia edilir ki, həmin tarixdə xoruz, toyuq belə kəsib paylamaq mümkündür.
İslam bu barədə nə deyir?
Globalinfo.az-a danışan ilahiyyatçı Fazil Əhməd deyib ki, dinimizdə qurban kəsmək üçün nəzərdə tutulan heyvanlar təkcə qoç deyil:
“Bura həm də keçi, inək, dana, camış kimi heyvanlar da daxildir. Ümumiyyətlə, belə mövzularda din mütəxəssisi olmayan insanların sözlərini qətiyyən əsas kimi göstərmək olmaz. Qurban bayramından kənar günlərdə toyuq, xoruz və digər quşları kəsib ehsan etmək olar. Adi tarixlərdə bunları kəsməyi din qadağan etmir, əksinə, savabı var”.
Fazil Əhməd
İlahiyyatçı bildirib ki, insan ilin istənilən günündə heyvan kəsərək başqalarına paylaya bilər:
“Lakin Qurban bayramında Allahın Peyğəmbərə əmr etdiyi heyvanlardan kəsmək və paylamaq vacibdir”.