Ermənistan rəhbərliyi Gədəbəyin Şınıx bölgəsindəki Başkənd yaşayış məntəqəsinə iddiasını sürdürür.
Turkustan.az xəbər verir ki, baş nazir Nikol Paşinyan parlament seçkiləri ərəfəsində göstərdiyi xəritədə “Artsvaşen” adlandırdığı Başkənddən əl çəkmədiklərini nümayiş etdirib. Onun əlində tutduğu xəritədə Başkənd Ermənistan ərazisi kimi göstərilib.
Paşinyan seçkiqabağı təşviqat kampaniyasında da Başkəndin yaddan çıxarılmadığını və mübadilə oluna biləcəyini söyləmişdi.
Ermənistan KİV-i yaydığı məlumatlarda iddia edir ki, İrəvan delimitasiya prosesi çərçivəsində Başkəndi Kərki kəndi ilə dəyişə bilər. Söhbət Naxçıvan MR Sədərək rayonunun işğal altındakı Kərki kəndindən gedir. Erməni tərəfi iddia edir ki, razılaşma ilə Kərki Ermənistanda qalır, Başkənd Azərbaycanda.
Qeyd edək ki, ermənilərin “Artsvaşen” adlandırdığı tarixi Azərbaycan torpağı olan Başkənd yaşayış məntəqəsi Sovetlər dövründə - 1920-ci ildə Ermənistana verilib və onun xəritəsinə daxil edilib. Ərazisi 40 kv.km olan Başkənd 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni esklavı kimi qalırdı. Ermənistan hökuməti qəsəbənin adını 1978-ci ildə "Artsvaşen" olaraq dəyişdirmişdi.
Başkənd 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib.
Xatırladaq ki, hazırda Azərbaycanın işğalda 4 kənd qalır: Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi. Onlar hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub.
Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.
Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub.
Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir.
Xatırladaq ki, Azərbaycan hökümətli dəfələrlə bəyan edib ki, eksklav kəndlərin qaytarılması məsələsi milli maraqlara uyğun şəkildə həll olunacaq. /Modern.az/