"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısında duran əsas maneələrdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəaların hələ də qüvvədə qalmasıdır".
Bunu Azərbaycan Respublikasının sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Ermənistan sülh prosesi, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar və Azərbaycan-Rusiya münasibətlərində son dövrlər müşahidə olunan tendensiyalarla bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşərkən deyib.
Onun sözlərinə görə, sülh sazişinin imzalanması üçün ilk növbədə Ermənistan Konstitusiyasına dəyişiklik edilməli, Azərbaycana qarşı ərazi iddiaları, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinə zidd bütün müddəalar aradan qaldırılmalıdır.
Elmar Məmmədyarov qeyd edib ki, Cənubi Qafqazda geosiyasi rəqabətin daha da dərinləşdiyi bir vaxtda Azərbaycan diplomatiyası yeni çağırışlarla üz-üzədir. O bildirib ki, İran ətrafında baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, eləcə də İranla Avropa arasında münasibətlərdə yaşanan gərginlik regionun təhlükəsizlik mühitinə birbaşa təsir göstərir.
Sabiq nazir hesab edir ki, dəyişən beynəlxalq şərait Azərbaycan diplomatiyasından daha çevik və fəal fəaliyyət tələb edir. Onun fikrincə, BMT və ATƏT kimi beynəlxalq təşkilatlar əvvəlki dövrlərlə müqayisədə münaqişələrin həlli və gərginliyin azaldılması istiqamətində əvvəlki effektivliyini itirib.
Məmmədyarov vurğulayıb ki, mövcud geosiyasi şəraitdə Azərbaycan Qoşulmama Hərəkatı və inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığı daha da genişləndirməli, bununla yanaşı ölkənin iqtisadi potensialının gücləndirilməsinə xüsusi önəm verməlidir.
Azərbaycan-Rusiya münasibətlərində son aylarda müşahidə olunan gərginliyə də toxunan sabiq xarici işlər naziri bildirib ki, böyük dövlətlərlə münasibətlərdə müəyyən fikir ayrılıqlarının yaranması beynəlxalq münasibətlər sistemində təbii proses hesab olunur. O xatırladıb ki, Azərbaycan müxtəlif dövrlərdə ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə də oxşar situasiyalarla qarşılaşıb.
Onun sözlərinə görə, böyük dövlətlər öz geosiyasi maraqlarını təmin etmək üçün orta ölçülü dövlətlərə təsir imkanlarını qorumağa çalışırlar və bu tendensiya gələcəkdə də davam edəcək. Elmar Məmmədyarov hesab edir ki, həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqı regionda strateji maraqlarını nəzərə alaraq Azərbaycana təsir imkanlarını saxlamağa çalışacaq.