ABŞ dövlət katibi Marko Rubionun bu günə gözlənilən İrəvan səfəri nə qədər inkar edilsə də, hakimiyyətin mövqeyini gücləndirən, onun xeyrinə işləyən hadisə ola bilər. Xüsusən də Rusiyadan Baş nazir Nikol Paşinyanın ünvanına artan hədə və təhdidlər fonunda bu ziyarət özündə yetərincə rəmzi məna daşıyır. Paşinyan komandasının yalnız olmadığının mesajını çatdırır.
Yəni, səfərin 7 iyun kritik seçkiləri ilə əlaqəli olması ehtimalı var və güclüdür. Əks halda, Rubio Bakıya da gələrdi. Vitse-prezident Ceyms Di Vens kimi. Amma məlumatlara görə, o, Ermənistanla kifayətlənəcək.
Təbii ki, deyilən səbəbdən dövlət katibinin qəfil gəlişindən ən çox təlaşlananlar – Rusiyaya bağlı yerli proksi-qüvvələr və elə Rusiyanın özüdür. Seçkilərə isə cəmi 12 gün qalır...
Təsadüfi deyil ki, artıq məğlubiyyətin “qoxusu” burnuna dəyən sabiq prezident, Xocalı hərbi canisi Robert Köçəryan hakimiyyəti seçkisonrası “xalq inqilabı” ilə hədələyib. Diqqət edin, cəmi 5%-lik tərəfdaşa malik Köçəryan utanmazcasına xalqın adından danışır. Guya hakim qüvvə total saxtakarlığa hazırlaşır.
Aydındır ki, bununla o, ağasının sifarişi ilə indidən iğtişaş və terror cəhdləri üçün “əl yeri” düzəldir. Çünki qələbə şansı yoxdur. Ümumiyyətlə, Robik heç vaxt azad və dürüst seçkilərlə hakimiyyətə gəlməyib. Onun üçün yalnızca zorakılıq, fırıldaq, terror və çevriliş üsulları keçərli olub. Bir neçə fakt.
Ondan başlayaq ki, qondarma “dqr prezidenti” olmaq üçün hələ ötən əsrin 90-cı illərin əvvəlində Köçəryan əsas rəqiblərindən birini öz kabinetindəcə güllədərək, aradan götürmüşdü. 1998-ci ildə isə o, prezident seçkisinə namizəd qismində qatılmaq üçün qanunla tələb olunan Ermənistan vətəndaşlığı və 10 illik yaşam stajı olmasa da, Konstitusiya Məhkəməsinin əli ilə özünü namizəd kimi qeydiyyata aldıra bilmişdi.
Bunu da onunla əsaslandırmışdılar ki, guya “Dağlıq Qarabağ” Ermənistana birləşdiyi üçün orada yaşayanlar avtomatik həm də Ermənistan vətəndaşları sayılır. Halbuki o zaman və ondan sonrakı dövrlərdə rəsmi İrəvan Bakı ilə bölgənin statusu ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində uzun illər danışıqlar aparıb. Qısası, Köçəryan 1998-ci ildə Ermənistan postu tuta bilməzdi. O legitim prezident deyildi...
Əslində, 98-ci il seçkiləri formal keçirilmişdi. Nədəni bəsit: onda Robert Köçəryan Baş nazir, onun silahdaşı, digər Xocalı canisi Serj Sərkisyan isə daxili işlər və milli təhlükəsizlik naziri idi. Və seçkilərədək onlar Kremlin “xeyir-duası” ilə artıq prezident Levon Ter-Petrosyanı istefaya məcbur edib çevrilişinə nail olmuşdular. Qalırdı nəticəni “rəsmiləşdirmək”.

Beləcə, 20 il (1998-2018) bu xuntaçı cütlük Ermənistanı idarə edib, daha dəqiqi, çapıb-talayıb. Ta ki 2018-ci ilin mayında Nikol Paşinyanın rəhbərliyi ilə xalq hərəkatı onları hakimiyyətdən süpürüb atanadək...
Yaxud 1999-ci ilin 27 oktyabrında Ermənistan parlamentinin gülləbaran edilməsi olayı. Həmin terror aktı da Köçəryanın adı ilə birbaşa bağlıdır. Hücum zamanı o, daha iki güclü rəqibini fiziki olaraq sıradan çıxarmış oldu – ozamankı spiker Karen Dəmirçiyan və Baş nazir Vazgen Sərkisyan. Hərgah, sonuncu da onların bir tayı, Xocalı hərbi canilərindən idi və Azərbaycanın dinc əhalisinə qan uddurmuşdu.
İndi bu zat xalqın adından danışır. Halbuki rəy sorğuları ermənilərin əksəriyyətinin Köçəryan-Sərkisyan tandeminə nifrət bəsləməyə davam etdiyini əyani şəkildə və mütəmadi ortaya qoyur. Cəmi 12 gün sonra möcüzəmi baş verəcək?
Əlbəttə, yox. Ona görə Köçəryan hədələrə başlayıb. Ancaq bu dəfə çevriliş xülyası elə xülya olaraq qalacaq. Hər halda indi nə o, nə də onun Serj Sərkisyan timsalında ideoloji silahdaşları yüksək dövlət vəzifələri tutmurlar. Həmçinin Rusiya əvvəlki gücdə və təsirdə deyil. Qatar çoxdan və həmişəlik gedib.
Amma Paşinyanın öz həddini aşan rəqiblərə qarşı seçkisonrası həbs cəzaları mümkündür. Necə deyərlər, qalibləri mühakimə eləmirlər... /musavat.com/