Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamasında Ukraynanın coğrafi görünüşünün artıq dəyişdiyini bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın "Ukrayna müharibədən sonra müstəqil və azad qalacaq, lakin sərhədləri bir qədər dəyişə bilər" bəyanatını şərh edən Peskov deyib: "Ukraynanın görünüşünə gəldikdə isə, coğrafi baxımdan o, artıq fərqli bir ölkədir. Yerdəki reallıqlar aydındır və heç kim onları inkar edə bilməz".
Sözçü, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan Rusiya, ABŞ və Ukrayna arasındakı görüşlərdə Avropa nümayəndələrinin iştirakı ehtimalına da toxunub. O vurğulayıb ki, bu təmaslar məhz Vaşinqtonun vasitəçiliyi ilə həyata keçirilən üçtərəfli danışıqlardır.
Peskov ABŞ, Avropa ölkələri və Ukrayna arasında rabitə kanallarının mövcudluğunu qeyd edərək əlavə edib: "Tərəflər öz koordinasiya mexanizmlərini qururlar, lakin hazırda konkret olaraq üçtərəfli danışıqlar aparılır".
Aytən Yaşar/ Turkustan.az