İraq mediası ABŞ administrasiyasının İrana qarşı mümkün hərbi əməliyyat üçün hazırladığı iddia edilən planın təfərrüatlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, məlumatlara görə, plan ABŞ qoşunlarının İraq ərazisindən keçərək İrana hücum etməsini nəzərdə tutur. İraqın Baş naziri Əli Falih əl-Zeydinin isə bu plana qarşı çıxdığı iddia edilir.
Turkustan.az xəbər verir ki, ABŞ və İran arasında gərginliyin yenidən artdığı bir vaxtda İraqın “Əl-Mədə” qəzeti diqqətçəkən məlumat yayıb.
Qəzetin hökumətə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Trampa təqdim edilən üç ssenarili hərbi planın variantlarından biri Amerika qoşunlarının İraq ərazisindən keçərək İranın cənubunda quru əməliyyatına başlamasını nəzərdə tutur. İraqın Baş naziri Əli Falih əl-Zeydinin planın bəzi detalları ilə tanış olduğu bildirilir.
Nəşrin iddiasına görə, müharibə başlayacağı təqdirdə İran Bağdada təzyiq göstərərək İraq ərazisindən Küveytə qarşı əməliyyat keçirilməsini tələb edə bilər.
Məlumatda, həmçinin ABŞ-ın İraq hökumətinə təzyiq göstərərək İrana yaxın silahlı qrupların mümkün münaqişədə Tehranın tərəfində iştirak etməsinin qarşısını almağa çalışdığı qeyd olunur.
Aytən Yaşar/Turkustan.az