Yaponiya təhlükəsizlik yardımı proqramı çərçivəsində Filippin ordusuna 27 milyon dollar dəyərində sahil radar sistemləri və pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.
Turkustan.az xəbər verir ki, “Kyodo” xəbər agentliyinin Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən yaydığı məlumata görə, Yaponiyanın Maniladakı səfiri Katsuro Kitaqava Filippinin xarici işlər naziri Maria Tereza Lazaro ilə görüşüb.
Görüş zamanı tərəflər Yaponiyanın “Rəsmi Təhlükəsizlik Yardımı” (OSA) proqramı çərçivəsində əməkdaşlığa dair müqavilə imzalayıblar.
Müqaviləyə əsasən, Filippin ordusunun müşahidə imkanlarının gücləndirilməsi məqsədilə ölkəyə 27 milyon dollar dəyərində sahil radar sistemləri və PUA-lar veriləcək.
Bəyanatda layihənin iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, eləcə də regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığı vurğulanıb.
Yaponiya hökuməti 2023-cü ilin aprelində başladığı OSA proqramı çərçivəsində tərəfdaş ölkələrin ordularına ölümcül olmayan müdafiə avadanlıqları və hərbi infrastruktur təmin edir.
Aytən Yaşar/Turkustan.az