Ermənistanda Rusiyanın hərbi mövcudluğuna son qoymaq istiqamətində məqsədyönlü siyasət aparıldığı barədə yeni iddialar səsləndirilib. Rusiyayönlü mövqeyi ilə çıxış edən erməni ekspertlər hesab edirlər ki, Nikol Paşinyan hökuməti Moskvanı təxribata çəkərək Rusiya hərbi bazalarının ölkədən çıxarılması qərarını Kremlin özünün verməsinə nail olmaq istəyir.
Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə media eksperti Tiqran Köçəryan noyabrın 9-da jurnalistlərə açıqlamasında danışıb.
Koçaryanın fikrincə, Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirsə də, Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağa tələsməyəcək.
“Rusiya sanksiyaları saxlayacaq, Ermənistan isə Aİİ-də qalacaq”
Erməni ekspert hesab edir ki, Moskva Ermənistana qarşı iqtisadi təzyiq tədbirlərini davam etdirə bilər.
O, xüsusilə Rusiya qazının qiymətinin artırılmasının Ermənistan iqtisadiyyatı üçün ağır nəticələr doğuracağını bildirib.
“Əgər Ermənistanda qaz bahalaşsa, çörəkdən tutmuş ən bahalı məhsullara qədər hər şeyin qiyməti artacaq”, – deyə Koçaryan xəbərdarlıq edib.
Onun sözlərinə görə, Rusiya hazırda Ermənistan cəmiyyətinin Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçimə münasibətini müəyyənləşdirməyə çalışır.
Erməni ekspertdən Qərbə qarşı ittihamlar
Köçəryan iddia edib ki, Qərb 2018-ci ildən etibarən Cənubi Qafqazda öz geosiyasi planlarını ardıcıl şəkildə həyata keçirir və bu prosesə zaman-zaman Rusiya ilə İran mane olub.
Ekspertin fikrincə, 2020-ci il 9 noyabr razılaşmasından sonra Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi Qərbin planlarına uyğun gəlməyib.
O, Qərbin erməni cəmiyyətində Rusiya sülhməramlılarına qarşı etimadsızlıq yaratmağa çalışdığını iddia edib.
Koçaryan daha sonra Qarabağdakı erməni əhalisinin bölgəni tərk etməsini də bu iddia etdiyi planla əlaqələndirib və prosesin “əhali yoxdursa, sülhməramlıya da ehtiyac yoxdur” məntiqi üzərində qurulduğunu söyləyib.
“Paşinyan istəyir ki, Rusiya bazalarını özü çıxarsın”
Köçəryanın sözlərinə görə, hazırda Ermənistanın geosiyasi istiqamətinin dəyişdirilməsi prosesinin son mərhələsi həyata keçirilir.
O hesab edir ki, əsas məqsəd Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna son qoymaqdır.
Köçəryan iddia edib ki, həm Moskva, həm də Paşinyan hakimiyyəti Ermənistanın KTMT və Aİİ-dən mümkün çıxmasına görə məsuliyyəti bir-birinin üzərinə atmağa çalışır.
“Paşinyan bu addımı özü atmır, çünki cəmiyyətdə böyük problemlər yaranacaq və günahkar tapmaq lazım gələcək. Əgər ruslar hərbi bazalarını özləri çıxarmasalar, günahlandırılacaq kimsə olmayacaq. Buna görə də hakimiyyət Rusiyanı qəzəbləndirməyə çalışır ki, Moskva bazanı özü çıxarsın”, – deyə Koçaryan bildirib.
Rusiyanın sərhədçiləri hədəfdədir?
Köçəryan daha bir iddia irəli sürərək bildirib ki, Ermənistan ərazisindən Avrasiya İqtisadi İttifaqının qeydiyyat sistemində əks olunmamalı yüklərin daşınması planlaşdırılır.
Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı sərhədçiləri və digər hərbi strukturları bu planın həyata keçirilməsinə mane olur.
Lakin Köçəryan hansı yüklərdən söhbət getdiyini açıqlamayıb və iddiasını təsdiqləyən konkret məlumat təqdim etməyib.
Beləliklə, Ermənistanın Rusiyadan uzaqlaşması ölkədə Moskvayönlü dairələrin narahatlığını artırmaqda davam edir. Bu dairələr Paşinyanın Qərbə inteqrasiya siyasətini Ermənistanın təhlükəsizliyi üçün təhdid kimi təqdim edərək Rusiyanın regiondakı hərbi mövcudluğunun qorunmasına çalışırlar. /Musavat.com/