Türkiyənin Şırnak vilayətindəki Qabar bölgəsində daha iki yeni neft yatağı müəyyən edilib. Bu yataqların ümumi neft potensialı 135 milyon barel qiymətləndirilir.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Qabarda Türkiyənin ən yüksək keyfiyyətli nefti hesab olunan 75,4 milyon barel neft hasil edilir. 2027-ci ilin ikinci yarısında bölgədə təxminən 230 quyunun istismara verilməsi ilə gündəlik hasilatın 100 min bareli ötəcəyi gözlənilir. Bunun Türkiyə iqtisadiyyatına illik 4,4 milyard dollar töhfə verəcəyi bildirilir.
Ərdoğan, həmçinin Qara dənizdə hasil olunan təbii qazın hazırda 4 milyon ev təsərrüfatının tələbatını ödədiyini, “Osmanqazi” gəmisinin fəaliyyəti ilə bu göstəricinin 8 milyona çatdırılmasının planlaşdırıldığını qeyd edib./Publika.az