Pezeşkianın Azərbaycanla bağlı mövqeyi: “Uzaqgörən siyasətçi kimi...”


İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişdən məmnunluğunu ifadə edərək, bunu təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı üçün müsbət addım adlandırıb.

Pezeşkian bu barədə Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş zamanı bildirib.

"Biz xalqların sülh, qarşılıqlı hörmət və dinc şəraitdə yan-yana yaşadıqları bir dünya qurmaq üçün konstruktiv qarşılıqlı əlaqə yolu ilə hərəkət etməliyik", - Pezeşkian deyib.

Pezeşkian həmçinin qeyd edib ki, İran qonşu ölkələrlə, xüsusilə də Ermənistanla hərtərəfli əlaqələri genişləndirməyə və dərinləşdirməyə hazırdır.

O, Tehran və İrəvan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd üzərində işin tamamlanmasına hazır olduğunu bildirib.

O vurğulayıb ki, İranın siyasəti regionda sülhün, sabitliyin və dayanıqlı təhlükəsizliyin dəstəklənməsindən ibarətdir və hər hansı sabitliyi pozan hərəkətlər bütün region dövlətlərinə zərər verir.

Öz növbəsində Suren Papikyan müdafiə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığı qeyd edib və qonşu İranla tərəfdaşlığın strateji əhəmiyyətini qeyd edib.

Məsud Pezeşkian, Ermənistanla Azərbaycan arasında sülh prosesindən məmnunluğunu dilə gətirir və sülhün əhəmiyyətini başa düşür, amma İran rejimi ilə Prezidentin bəyanatları üst-üstə düşmür.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli bildirib ki, İranın Prezidenti Məsud Pezeşkianın Ermənistanla Azərbaycan arasında sülh prosesində irəliləyişdən məmnunluğunu bildirməsi və bunu regional təhlükəsizlik, əməkdaşlıq üçün müsbət addım adlandırması təqdirəlayiqdir:

“Prezident çox yaxşı başa düşür ki, sülh regional təhlükəsizlik arxitekturasının qurulması, bütövlükdə regionun inkişafı və ayrı-ayrılıqda region dövlətlərinin əməkdaşlığı və inkişafı üçün vacib şərtdir.

Ona görə də Pezeşkian ilk növbədə qonşu dövlətlərlə əlaqələrin normallaşmasında və yenidən qurulmasında maraqlı olduğunu gizlətmir. Pezeşkian həm də İranın digər dövlətlərlə əlaqələrinin normallaşdırılmasına tərəfdardır”.

Politoloq bildirib ki, bu məsələdə Pezeşkianın mövqeyi İranın mühafizəkar rejiminin indiyə qədər apardığı siyasətlə üst-üstə düşmür:

“Məhz mühafizəkar rejiminin həyata keçirdiyi siyasət nəticəsində İran həm qonşu, həm regional, həm də digər dünya dövlətləri ilə münasibətləri pisləşib. İran bir növ beynəlxalq təcrid vəziyyətinə düşüb, sanksiyalara məruz qalıb. İqtisadi vəziyyətdən yaranan sosial problemlər, öz növbəsində, iqtisadiyyatın inkişafına ciddi təsir göstərir.

Xüsusən son dövrlər ABŞ-nin İrana hərbi təhdidi, İran ətrafında çoxsaylı ordu hissələri, raket kompleksləri və digər hücum silahları yerləşdirməsi, İranın qarşısında müxtəlif şərtlər irəli sürməsi vəziyyəti daha da gərginləşdirib və İranın region dövlətləri ilə əməkdaşlığının sürətləndirməsini şərtləndirib”.

Onun sözlərinə görə, məhz Azərbaycan ərazilərinin işğalı dövründə İran-Ermənistan münasibətləri və əməkdaşlığı yaxşı səviyyədə olub:

“Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra İranın mühafizəkar rejimi Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin dəyişməzliyini özünün “qırmızı xətti” elan edib. Bu gün də İranın mühafizəkar rejimi eyni siyasəti davam etdirir.

Yaxın günlərdə Ermənistanla birgə hərbi təlim keçirilməsi planlaşdırılır. ABŞ və İsraillə müharibə olarsa, ilk növbədə qonşu olan Azərbaycan və Türkiyənin enerji qovşaqlarını vuracağı ilə hədələyir. Bu siyasət isə son nəticədə İranın bir dövlət kimi dünya xəritəsindən silinməsinə gətirib çıxara bilər.

Pezeşkian uzaqgörən siyasətçi kimi ilk növbədə qonşu və region dövlətləri, həmçinin digər dünya dövlətləri ilə münasibətləri normallaşdırmaq, bir növ həmin dövlətlərin dəstəyinə söykənmək yolu ilə İranı düşdüyü hazırkı böhran vəziyyətindən çıxarmaq və dövləti gözləyən təhlükələrdən xilas etməyə çalışır”.


MANŞET XƏBƏRLƏRİ