Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxıstana rəsmi səfəri regionda maraqlı dinamika yaradıb. Qazaxıstanın həm Türk Dövlətləri Təşkilatında (TDT), həm də Orta Dəhliz layihəsində Azərbaycan üçün ən vacib tərəfdaşlardan biri olması fonunda İrəvan–Astana xəttində müşahidə edilən yaxınlaşma diqqət çəkir.
Ermənistan son zamanlarda regional iqtisadi layihələrə inteqrasiya etmək, xüsusən də Orta Dəhliz vasitəsilə yeni ticarət və nəqliyyat imkanlarına çıxış yolu qazanmaq üçün aktiv diplomatiya sərgiləyir. Qazaxıstanla təmasların intensivləşməsi də bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.
Ermənistanın tranzit ambisiyaları nə qədər realdır və belə bir addım Azərbaycanın razılığı olmadan həyata keçirilə bilərmi? İrəvan gələcəkdə Qazaxıstan üzərindən Orta Dəhlizə qoşulmaq üçün indidən təməllər atır?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Qazaxıstan uzun müddətdir balanslaşdırılmış siyasət yürüdürdü, amma son iki ildə daha aktiv çoxşaxəli xarici siyasət mərhələsinə keçib:
“Bu mərhələ Qazaxıstanın yalnız Rusiya və Çin xətti ilə kifayətlənməmək, Qərb, Yaxın Şərq, Qafqaz və hətta Aralıq dənizi xətti ilə əlaqələrini genişləndirmək istəyindən doğur. Bir müddət öncə Kiprdə səfirlik açması da prosesin bariz nümunəsidir. Bu qərar Türk Dövlətləri Təşkilatının siyasi xətti ilə tam üst-üstə düşmür, amma Astananın özünəməxsus, milli maraqlarına söykənən diplomatiyasını nümayiş etdirir.
Ermənistanın açıq şəkildə Orta Dəhlizə qoşulmaq istəyi var və bunu Qərbin siyasi dəstəyi fonunda, həm də Rusiya ilə münasibətlərin qeyri-müəyyən olduğu bir dövrdə edir. Qazaxıstan isə öz növbəsində bu marağı instrumental baxımdan qiymətləndirir. Ermənistan tranzit üçün kiçik həlqədir, amma Astana üçün geosiyasi manevr mərkəzidir, yəni Rusiya-Qərb balansında öz diplomasiyasına əlavə manevr sahəsi yaradır”.

Qabil Hüseynli
Politoloqun sözlərinə görə, Azərbaycan baxımından bu proses ikili xarakter daşıyır:
“Bir tərəfdən, Qazaxıstanın Ermənistanla diplomatik yaxınlaşması müəyyən suallar yaradır, çünki Orta Dəhliz Azərbaycan üzərindən keçən yeganə stabil və hüquqi cəhətdən işlək marşrut hesab olunur. Ermənistanın bu dəhlizə inteqrasiyası Bakının razılığı olmadan mümkün deyil. Digər tərəfdən, Azərbaycan Qazaxıstanla tərəfdaşlığını elə səviyyədə saxlayır ki, Astananın regional siyasəti Bakını kənarda qoya biləcək strateji addımlara çevrilmir. Yəni Qazaxıstanın Ermənistana açılması daha çox diplomatik jest xarakteri daşıyır, real logistik çəkisi isə Azərbaycansız formalaşa bilməz.
Ermənistan–Qazaxıstan xəttindəki yaxınlaşmanı Azərbaycana qarşı istiqamətlənmiş hərəkət kimi dəyərləndirmək düzgün deyil. Bu, daha çox Astananın öz xarici siyasətində sərbəstlik nümayiş etdirmək, müxtəlif siyasi platformaları milli maraqları üçün istifadə etmək, region daxilində isə manevr imkanlarını artırmaq cəhdidir. Qazaxıstanın davranışı təkcə TDT ilə deyil, KTMT və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərində də oxşar xətti göstərir. Astana qapalı müttəfiqlik modelindən çıxıb çoxvektorlu siyasəti prioritet edir.
Azərbaycan üçün əsas məsələ Qazaxıstanın Ermənistanla siyasi təmaslarının hansı real geoiqtisadi nəticəyə gətirib çıxacağıdır. Ermənistanın real tranzit alternativi yoxdur və yaxın perspektivdə də yaranmayacaq. Amma Qazaxıstanın çoxşaxəli siyasətə keçməsi regionda yeni diplomatik balanslar formalaşdırır və Bakı da bu balansları diqqətlə izləməkdə haqlıdır”.