Son illər dünya bazarında neftin və təbii qazın qiymətlərində artım müşahidə olunur.
Analtiklərə görə, neftin bahalaşmasına ABŞ-də kommersiya neft ehtiyatlarının gözləniləndən daha çox azalması, Yaxın Şərqdə baş verən geosiyasi risklər və OPEC+ ölkələrinin hasilatı aşağı səviyyədə saxlaması kimi amillər təsir edir. Təbii qazın bahalaşmasına isə soyuq hava şəraiti, enerji tələbatının artması və qaz anbarlarındakı ehtiyatların azalması səbəb olub.
Maraqlıdır ki, neft və təbii qazın bahalaşması Azərbaycanın iqtisadiyyatına necə təsir edir?
Mövzu ilə bağlı iqtisadçı Vüsalə Əhmədova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, OPEC+ hasilatı müəyyən səviyyələrdə saxlayarsa, Qərb ehtiyatlarındakı azalmalar bu ilin sonu və 2026-vı il üçün "Brent" markalı neftin qiymətinin 55-70 dollar/barel aralığında qalmasına səbəb ola bilər.
Onun sözlərinə görə, Dünya Bankı və bir sıra investisiya bankları da bu qiymət aralığını dəstəkləyir:
"Məsələn, "World Bank" 2026-cı il üçün 60 dollar, "Goldman/S&P" kimi analitiklər 55-60 dollar səviyyələrini göstərirlər. Yalnız Yaxın Şərqdə ciddi eskalasiya və ya OPEC+ tərəfindən gözlənilməz böyükmiqyaslı kəsintilər təzahür edərsə, "Brent" markalı neftin qiyməti qısa müddətdə 80-100 dollar səviyyələrinə sıçraya bilər. Əks təqdirdə bu qiymət aralığı mümkün görünmür”.
Müsahibimiz hesab edir ki, qiymətlərin yüksəlməsi Azərbaycana əhəmiyyətli və dərhal əlavə fiskal və valyuta gəlirləri gətirəcək. Bunu proqnoz kimi yox, mümkün böhran ssenarisi kimi qəbul edə bilərik:
“Qlobal tələbat gözləndiyindən zəif olarsa, OPEC+ istehsalının planlaşdırıldığı kimi artması və rezervlərin dolması "Brent" markalı neftin qiymətinin 50-60 dollar aralığına enməsinə səbəb olacaq. Bu, daha real proqnoz kimi görünür".
Təbii qazın qiymətinə də toxunan iqtisadçı vurğulayıb ki, qışa yaxın soyuq hava və anbarların qalıq səviyyəsi səbəbindən qısa müddətdə qiymətlərin 25-40 €/MWh aralığında olacağı gözləniləndir. Hazırda qiymət təqribən 30 €/MWh civarındadır. Yəni, qışın sərt keçməsi qısa piklər yarada bilər. Orta müddətdə anbarlar dolduqca və tədarükün bərpası ilə qiymətlər tədricən aşağı düşəcək.

Vüsalə Əhmədova: Neft-qaz qiyməti artsa belə hökumətin gəlirləri eyni faizlə artmır
Həmsöhbətimizə görə, neft və təbii qazın bahalaşması ilə büdcə gəlirlərinin və valyuta axınının artması, yatırımlar üçün əlavə mənbənin yaranması, makrorezervlərin güclənməsi müsbət ssenaridir. Dediyinə görə, lakin yüksək qiymətlər sabit deyil, ona görə də qazanılan əlavə gəlirlər müvəqqəti ola bilər:
“İnflyasiya və daxili qiymət təzyiqi, həmçinin gəlirlərin qeyri-bərabər paylanması sosial-iqtisadi gərginliklər yaradır. Bu durumlarda IMF, bu cür ölkələr üçün diversifikasiya və fiskal dayanıqlılığı gücləndirməyi tövsiyə edir. Bu səbəbdən qısa müddətli "windfall" gəlirlər ehtiyat fonduna yönəldilməlidir, əsas xərclər məhdudlaşdırılmalıdır".
V.Əhmədova onu da qeyd edib ki, neft və qazın qiymətinin yüksəlməsi qısa müddətdə büdcə və valyuta baxımından müsbət təsir göstərsə də, ölkənin hələ də enerji daşıyıcılarından sıx asılı olduğu nəzərdən qaçırılmamalıdır. Nəticə etibarilə, neft-qaz qiyməti artsa belə hökumətin gəlirləri eyni faizlə artmır.
Gülşən Şərif