Azərbaycan səfirliyinin hücum zamanı zədələnməsinə Rusiyadan reaksiya


Moskva Bakının Kiyevdəki diplomatik missiya ilə bağlı müraciətini diqqətlə araşdırıb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin noyabrın 21-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşü zamanı bildirib.

"Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyan Ukraynanın hava hücumundan müdafiə sisteminin qeyri-dəqiq işləməsi nəticəsində baş verib. Rusiya baş verən insidentə görə səmimi təəssüfünü ifadə edir",- o qeyd edib.

Rusiya XİN-dən bildirilib ki, görüşdə yüksək və ali səviyyələrdə təmasların qrafiki müzakirə edilib. İkitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi sahəsində əldə olunmuş uğurlar qeyd olunub, mədəni-humanitar əlaqələrin tam şəkildə bərpasının vacibliyi vurğulanıb.

Xatırladaq ki, noyabrın 14-də Rusiyanın Ukraynaya hücumu zamanı "İskəndər" tipli raketlərdən biri Azərbaycanın Kiyеvdəki səfirliyinin binasına düşmüşdü.

Hadisə nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyalara, xidməti avtomobillərə, inzibati binaya və konsulluq şöbəsinə ciddi ziyan dəyib. Diplomatik nümayəndəliyin ərazisinə də əhəmiyyətli zərər vurulub.

Rəsmi Bakı baş verənlərlə bağlı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovu Xarici İşlər Nazirliyinə (XİN) çağıraraq kəskin etirazını bildirib. Qarşı tərəfə nota təqdim olunub və Moskvanın hadisə ilə bağlı müvafiq araşdırma aparması, eləcə də ətraflı izahat verməsi tələb edilib./teleqraf


MANŞET XƏBƏRLƏRİ