QHT sədri televiziya mediasının bu günkü rolu barədə danışdı


Bu gün – 21 noyabr Ümumdünya Televiziya Günüdür.

Bu münasibətlə “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal televiziya mediasının müasir informasiya məkanındakı yerini QHT.az-a şərh edib.

Aqil Camal bildirib ki, sosial medianın sürətlə inkişaf etdiyi bir vaxtda televiziyanın yalnız informasiya mənbəyi kimi qiymətləndirilməsi doğru yanaşma deyil. Onun sözlərinə görə, onlayn media operativliyi ilə seçilsə də, dəqiqlik baxımından televiziya hələ də tamaşaçı üçün etibarlı mənbə sayılır:

“Bu gün televiziya qarşısında təkcə xəbər çatdırmaq deyil, cəmiyyətin maarifləndirilməsi kimi daha böyük vəzifələr dayanır. Sosial şəbəkələr məlumatı ani şəkildə yaysa da, insanlar yenə də həmin informasiyanı televiziyadan dəqiqləşdirməyə üstünlük verirlər. Bu da televiziya mediasına olan etibarın göstəricisidir. Televiziya gələcək dövrdə də ciddi və məsuliyyətli informasiya platforması olaraq öz əhəmiyyətini qoruyacaq. Televiziya çap mediasında olduğu kimi analitika və maarifləndirmə xəttini gücləndirməklə auditoriyanı daha yaxşı qoruya bilər. Televiziya analitikanı, maarifləndirici proqramları daha da artırmaqla öz mövqeyini möhkəmləndirə bilər. Cəmiyyətin etibar etdiyi bir media qurumu kimi bu istiqamət televiziya üçün əsas prioritetlərdən biri olmalıdır.”


MANŞET XƏBƏRLƏRİ