Ötən gün Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirildi. Sammitbir çox baxımdan diqqət çəkir.
Toplantı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş xüsusi maraqla izlənildi. Görüş formatı etibarilə “sülh gündəmi” adı altında təqdim edilsə də, əslində, regiondakı güc balansının kimin lehinə dəyişdiyini sərgiləyən mükəmməl bir detal idi.
Azərbaycan Prezidenti bu görüşdə təkcə ölkəmizin haqlı mövqeyini deyil, həm də yeni reallıqlar üzərində qurulan siyasi iradəsini nümayiş etdirdi. Başqa cür desək, ölkə başçısı bu danışıqlarda yalnız diplomatik mövqe ifadə edən tərəf deyil, eyni zamanda şərtləri diktə edən güc kimi rol oynadı. Paşinyanın jestləri, mimikası və ritorikası isə onu göstərirdi ki, Ermənistan tərəfi artıq proseslərin subyekti yox, obyektidir.
Aydın məsələdir ki, Ermənistanın Avropada çox fəaldır. Lakin buna baxmayaraq, İrəvanın mövqeyi real güc balansında öz əksini tapmır. Təsadüfi deyil ki, Tiranadakı masa, həm də Azərbaycanın qurduğu yeni reallıqların Avropaya təqdimatı idi.
Sammitin diqqət çəkən bir maraqlı detalı da Fransa Prezidenti Emmanuel Makronun İlham Əliyevə yaxınlaşaraq onunla söhbət etməsi oldu. Bu, Parisin artıq Bakının sərt və prinsipial mövqeyinə uyğunlaşmağa məcbur olduğunu göstərdi. Ermənistanla bağlı təktərəfli siyasət yürüdən Fransa indi Azərbaycanla danışıq dilini dəyişməyə çalışır.
Əslində bu da təsadüfi deyil. Belə ki, Azərbaycanın artan iqtisadi çəkisi, Türkiyə ilə strateji müttəfiqliyi və regional nəqliyyat dəhlizləri üzərindəki nəzarəti onu geosiyasi mərkəzə çevirib. Görünür, Paris də bu reallığın fərqindədir və oyundan kənar qalmaq istəmir.
İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı koordinasiya isə bu sammitin ən diqqət çəkən nüansı idi. Paşinyan üçün təkcə Əliyevlə deyil, eyni zamanda regional ittifaqın iki lideri ilə eyni platformada olmaq bir mesajdır. Bu mesaj isə çox açıq və sadədir: Ermənistanın sülh çağırışları yalnız real addımlarla təsdiqlənərsə, nəticə verəcək. Əks halda, regionun gələcəyini Azərbaycan-Türkiyə tandemi müəyyənləşdirəcək. Paşinyan üçün isə artıq ikili oyun oynamağa yer qalmayıb. O, ya regionun yeni arxitekturasını qəbul edəcək, ya da proseslərin kənarında qalacaq.
Tiranadakı görüş bir daha göstərdi ki, Azərbaycan artıq regional yox, qlobal proseslərin təsir dairəsinə daxil olan bir aktordur. İlham Əliyev bu gücü diplomatik zəkası ilə birləşdirərək həm Avropaya, həm də Ermənistana aydın mesaj verdi: bu masada bərabər tərəf olmaq üçün əvvəlcə reallığı qəbul etmək lazımdır.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı