Azərbaycan Türk ictimai-fəlsəfi fikir tarixinə töhfə vermiş qadınlar: HEYRAN XANIM


Dos. Dr. Faiq Ələkbərli

I YAZI

XIX əsrdə klasik fəlsəfə ilə qeyri-klassik fəlsəfə arasında tərəddüd edən, bir çox hallarda dünyəvi fəlsəfi təfəkkürə yaxınlaşan mütəfəkkirlərimiz arasında Naxçıvanda anadan olub Təbrizdə yaşamış Heyran xanım da olmuşdur. Təqribən 1770-ci illərdə Naxçıvanda anadan olan Heyran xanımın nəsli-kökü Azərbaycan türklərinin Dünbüli oymağından Kəngərlilər ailəsi ilə bağlıdır. Heyran xanım yazırdı:

Soruşursan nəsəbini bu yazıq Heyranın,

Bir Əli xadimidir, cümlə-cəhanə bildir.

Naxçıvan şəhrinin əşrafına çatsa nəsəbi,

Əslinə varsan əgər, tayifəsi Dünbülidir.

1826-1828-ci illər Rusiya-Qacarlar müharibəsində ruslara yenilən Fətəli şah Qacarın orduları geri çəkilərkən yolları üzərində bulunan yaşayış yerlərindəki xalqı da Qacarlar dövlətinə köçməyə məcbur etmişlərdir. Məcburi köçə cəlb olunan ailələrdən birisi də Heyran xanımın ailəsi olmuşdur. Beləliklə Heyran xanım, doğum yeri olan Naxçıvandan ayrılmaq məcburiyyətində qalmış və ömrünün sonuna qədər Təbrizdə yaşamışdır.

Məhəmmədəli Tərbiyət “Danişməndani-Azərbaycan” əsərində Heyran Xanım haq­qında yazır: “Heyran xanım Azərbaycanın məşhur ailələrindən və Dünbüli tayfasının hörmətli qadınlarından olmuşdur. O. Təbriz şə­hərində doğulmuş, lakin onun nə doğulma, nə də vəfatı tarixi məlum deyildir. Mən (M.Tərbiyət) onun qohumlarından eşitmişəm ki, Heyran xanım səksən yaşında vəfat etmişdir. Onun divanı dörd min beş yüzə yaxın fars və türk dillərində qəsidə, qəzəl, qitə və tərci­bəndlərdən ibarətdir. Heyran xanımın şeirlərindən çoxu Abbas Mirzə və onun bacısı haqqında deyilmişdir”.

Qeyd edək ki, Heyran xanım ana dili Türkcə ilə yanaşı, Ərəb və Fars dillərində yüksək təhsil almış, Şərqin Firdovsi Sədi, Hafiz, Nizami, Füzuli, Nəsimi kimi klassiklərinin yaradıcılığını oxuyub öyrənmişdir: “Onun şeirlərində Azərbaycan sənətkarlarından Həsənoğlu, Nəsimi və Füzulinin təsiri akşar duyulur. Şairənin bir sıra qəzəlləri dahi Füzuliyə nəzirə şəklində yazılmışdır. Lakin şairənin orijinal şeirləri daha çoxdur. Belə şeirlərində o, bir tərəfdən təmiz eşqin, saf məhəbbətin vəsfini verir, digər tərəfdən zəmanə zülmünün çoxluğundan bəhs edərək dövranın möhnətindən, fələyin gərdişindən acı-acı şikayətlənir. Heyran xanımın əsərləri nikbin pafosu, tərənnümün səmimiliyi, dilin sadəliyi və aydınlığına görə XIX əsr Azərbaycan ədəbiy­yatında xüsusi yer tutur”.

Fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü Könül Bünyadzadəyə görə tanınmış Şərq filosoflarının yaradıcılığı ilə yaxından tanış olan, onların şeirlərinə çoxsaylı nəzirələr yazan azərbaycanlı şairə Heyran xanım ictimai və fəlsəfi məzmunlu poeziyaya malik olmuşdur.

Dini-fəlsəfi dünyagörüşü. Heyran xanımın dini-fəlsəfi dünyagörüşündə qismən şiəlik, daha çox isə Füzuli ruhu özünü büruzə verir. Məsələn, o, 1831-ci ilə Təbrizdə və ətraf ərazilərdə yayılmış vəba xəstəliyindən bəhs edərkən türk, qeyri-türk əhalini dini anlamda müsəlman deyil, şiələr kimi qələmə vermişdir:

İlahi, həlak oldi şiələr,

Torpaqda yatdı yeniyetmələr.

Heyran xanımın Tanrı+İnsan bütünlüyünü ifadə edən və daha çox Füzuli ruhunda yazdığı şeirləri diqqəti cəlb etməkdədir. Belə ki, şairə Füzuli kimi şeirlərində Tanrıya doğru can atır, ilahi sevgiyə qovuşmaq üçün çırpınır. Heyran xanım yazır:

Çarə yox dərdimə ol ləli-dütadən qeyri,

Kimsə tutmaz əlimi zülfi-rəsadən qeyri,

Yoxdu bir yar, edə halımı dildarıma ərz,

Səri-kuyunda məgər badi-səbadən qeyri,

Bəxtimiz şeşdəri-heyrətdə idi, çünki bizə,

Görmədi yar rəva çövrü cəfadən qeyri.

Gərçi dildar mənə eylədi çox zülmü sitəm,

Mən ona eyləmənəm mehrü vəfadən qeyri.

İstərəm dilbərimin xidmətinə əzm qılam,

Töhfəmiz yox dəxii bir, xeyr-i duadan qeyri.

Olmadı bunca giriftar-i qəm-ü dərd-ü ələm,

Ser-i kuyində mən-i bəxti qəradan qeyri.

Düsmənin tənəsi, hicran oldu, qurbət əlimi,

Yoxdu qəmxar bizə kimsə, Xudadan qéyri.

Gər qəza saldı səni yardan ayrı, Heyran,

Daha təqdirə nədir çarə, rizadan qeyri.

Cəfər Xəndan çox doğru qeyd edir ki, şairə bir çox hallarda Füzulini izləyib ona nəzirələr yazsa da, bu nəzirələr epiqon şairlərin yaratdığı sönük əsərlərdən fərqlənmişdir: “Məlumdur ki, Füzulini təqlid edən bir çox şairlərin bədbəxtliyi, ona bir yenilik əlavə etməmələrindən ibarət olmuşdur. Heyran xanımın yaradıcılığı isə belə deyildir. O, əksinə Füzuliyə yazdığı nəzirələrdə belə yüksək sənət əsəri yaratmaq prinsipinə sadiq qalmışdır. Bizcə belə hallarda Füzuli yaradıcılığı Heyran xanım üçün bir ölçü meyarı olmuşdur”. Rəfiqə Qasımova da yazır ki, Heyran xanım Füzuliyə yazdığı nəzirələrdə yüksək sənət əsəri yaratmağa çalışmış, əsasən buna nail olmuşdur.

Heyran xanım “Ey həkim” şeirində də Füzuli ruhunda ilahi eşqə qovuşmaq üçün çəkdiyi iztirabın, bu yolda sərf etdiyi zəhmətin davasını axtarır:

Bir nəzər ləli-ləbi-cananə eylə, ey həkim,

Çarəyi bu dərdi-bidərmanə eylə, ey həkim!

Gər bəhşiti-cavidan istərsə könlün şövqilə,

Bir güzər, sən məhfili-cananə eylə, ey həkim!

Hicri-dilbər öldürür axırı məni, sən rəhm elə,

Xəncərin çək, qeylimi mərdanə eylə, ey həkim!

Qıl tərəhhüm haqlıma, eylə əlaci-dərdimi,

Bir dəva ver, əqldən biganə eylə, ey həkim!

Rahi-həq istərsə könlün, məscidə girmə, saqın,

Şövqilə əzmi-rəhi-meyxanə eylə, ey həkim!

Çəkmə zəhmət xarü xəsdən, əzmi-kəbə eyləmə,

Qəsdi-bəzmi-vəsli-sahibxanə eylə, ey həkim!

Bir qulaq as naley-Heyrana, hifz et naləsin,

Bəzmi-hikmətdə onu əfsanə eylə, ey həkim!

Bizə elə gəlir ki, Heyran xanımı Məcnun kimi səhralara salan da Füzuli də olduğu kimi, Yaradana olan sonsuz sevgidir. Onun üçün, bu dünyada əgər gerçək bir sevgi varsa, o da Yaradana olan uca və ilahi eşqdir ki, ancaq xilas yolu da Ona bağlıdır. Bu anlamda hər hansı sevgiliyə olan bənzətmələr formal xarakter daşıyır, çünki bu dünyadakı məcnunluq, ya da leyliliyin özü də ilahi eşqin zərrələridir. Məsələn, o yazırdı:

Ey gözəl, yoxdur mənim tək qəddinə dilbaxtə,

Qədrimi mən bikəsin bil sən, dolanım başına!

Mən düşüm səhralərə Məcnunsifət, şuridəvar,

Qıl təmaşa halıma, gül sən, dolanım başına!

Ya da:

Qəmim əğyardən hərçənd gizlətdi, nihan etdim,

Görüb payanə yetməz, eşqimin sirrin bəyan etdim,

Gecə ta sübh olunca nalə çəkdim, ələman etdim,

Səhər vaxtı olub diltəng əzmi-gülistan etdim,

Çü, Heyran nalə etdi, bülbüli-şeydayə bənzətdim.

Heyran xanımın daxili iztirablarını aradan qaldıracaq Yaradanla yanaşı, gerçək bir “Yar”a da ehtiyacı var idi. Həmin “Yar” Məcnunsifət, Fərhad­sifət, Xosrovsifət bir Məhbub idi ki, şairə bunu gizlətmir də. Rəfiqə Qasımova yazır: “Ümumiyyətlə, Heyran xanımın şeirlərinin hamısı məhəbbət mövzusuna həsr olunmuş və onun lirik qəhrəmanı, xüsusilə ömrünün sonlarında kimsəsiz, həmdəmsiz, eşq dərdindən şam kimi yanan bir aşiqdir. Onun sevgilisi isə eşqdən xəbərsiz, qayğısız, etinasız, vəfasız və zalımdır. O, öz aşiqinin deyil, əğyarın məclisini işqılandırır. Xüsusilə, qəzəllərin lirik qəhrəmanı şairə özü çox nəcib, həssas ürəyə malik fədakar, öz sədaqətini məhəbbətdə axtaran, həyatın yüksək mənasını sevgidə görən bir insandır. Lakin onu da qeyd etmək lazımdır ki, şairənin bu müqəddəs, təmiz məhəbbəti onun şəxsi həyatı ilə daha çox bağlı kimi görünür”. Heyran xanım yazır:

Olubdu qəm yatağı, şad gördüyün könlüm

Dağıldı qüssədən , abad gördüyün könlüm.

Diyari qəmdə giriftarü dəstgir oldu,

Kəməndi firqətə, azad gördüyün könlüm.

Fəraq dərdinə axtardə, tapmadı çarə,

Cəmi hikmətə ustad gördüyün könlüm.

Səriri-vəsldə Xosriovsifət oturmuşdu,

Olubdu kuhdə Fərhad, gördüyün könlüm.

Fəraqi-möhnətə düşmüş pərişikəstə olub,

Vüsal seydinə səyyad gördüyün könlüm.

Hücumi-möhnətü qəmdən, süpehri-əlayə

Yetirdi naləvü fəryad, gördüyün könlüm.

Çəkib şərarələr, etdi vücudimi, Heyran,

Misali-kureyi-həddad gördüyün könlüm.

Başqa bir şeirində də şairə “Yar” üzündən hicrandan üzüldüyünü, həsrətə dözə bilmədiyini yazır:

Hicran ələmi saldı ayaqdan məni-zari,

Daruyi-vüsali mənə bir çarə yetirsin.

Səbrim kəsilib, yar mənum canımı alsın,

Ya şad eləsin vəsl ilə, didarə yetirsin.

Dünyadə və üqbadə görüm mətləbə yetsin,

Hər kəs məni ol yari-vəfadarə yetirsin...

Gəl Tanrı üçün bunca sitəm eyləmə izhar,

Qoy yarə özün bu dili-avara yetirsin.

Bikəsliyimə rəhm eyləsin xaliqi-biçün,

Heyrani o şahzadə digər-barə yetirsin.

MEDİA Agentliyi

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ