Nəriman ƏBDÜLRƏHMANLI
(əvvəli BU LİNKDƏ)
Həqiqətən, filmin ilk nümayişindən xəbər tutan Ü.Hacıbəyov öz vəkili Əlimərdan bəy Topçubaşovla (sonralar ADR-nın xarici işlər naziri və parlamentin sədri – N.Ə.) şəhər qradonaçalniki Q.Kovalyovun yanına gedib, müəllifin icazəsi və razılığı olmadan çəkildiyindən, filmin nümayişini dayandırmağı xahiş etdi. Qradonaçalnik “Forum” kinoteatrı direktorunun adına əmr imzalayıb, filmi ekranlardan yığışdırmaq göstərişi verdi. 1917-ci il yanvarın 4-də filmin nümayişinə bütün biletlərin satılmasına baxmayaraq, nümayiş baş tutmadı. Sənət dostları Üzeyir bəyə etiraz məqaləsi ilə mətbuatda çıxış etməyi də məsləhət görmüşdülər. Amma o, yalnız redaksiyaya məktub (“Kaspi”, 1917, 8 yanvar) yazmaqla kifayətlənmişdi. B.Svetlovun filmi isə həmin ilin aprel ayında tamamlandı, ayın 20-dən ekranlarda isə nümayiş etdirildi.
“Forum” kino-teatrının müdiri A.Andreyev baş vermiş hadisəyə görə mətbuat vasitəsilə müqəssir olmadığını bildirsə də, Hacıbəyov qardaşları müdiriyyətindən (3. və Ü.Hacıbəyov qardaşlarının teatr truppasının müdiriyyəti nəzərdə tutulur – N.Ə.) üzrxahlıqda qeyd edilir ki, “Məzkur (həmin) şəkil müdiriyyət tərəfindən Belyakov cənablarının kinematoqraf lentası icarəyə verən kantorundan alınmış olduğundan, teatr müdiriyyətinin gərək bu və gərək, ümumiyyətlə, başqa ittifaqlarda müəllif və müsənnif hüququ ilə heç bir işi və münasibəti yoxdur. Teatrlar şəkilləri prokat kantorundan aldıqlarından gərək hökumət və gərək müəlliflər yanında bunların hüququna nisbətən hər bir işdə məsul məzkur kantorlardı” (“Yeni iqbal”, 1917, 9 yanvar). Kinoteatrın müdiri eyni zamanda “təsadüfün qurbanı olduğunu, bu işdə böyük maddi zərər və xəsarət düçar olduğunu, amma mənəvi məsuliyyət daşımadığını” qeyd edir.
Bununla belə, Belyakov gəlir götürmək üçün mövcud qanunları pozmaqdan belə çəkinmir, bunun üçün müxtəlif üsullara əl atırdı. O, məsuliyyətdən qurtarmaq üçün “filmin yandığını” deyib Bakıdan çıxarmışdı. Çünki üç gün sonra filmin yanvarın 13-də Türkmənistanda, Aşqabat şəhərində nümayiş etdirilməsi haqqında dövri mətbuatda elan verilmişdi. Elanda “Modern” teatrında ancaq bircə gün, qış mövsümünün xüsusilə fərqlənmiş “Arşın mal alan” adlı dörd hissəli ən gözəl filmi nümayiş etdiriləcəyi, bu filmdə ən yaxşı müsəlman və erməni artistlərinin iştirak etdiyi” (“Acxabad”, 1917, 13 yanvar) bildirilirdi. Üstəlik, Ü.Hacıbəyovun teatr truppası ilə tez-tez qastrollarda olmasından istifadə edən Belyakov filmin Bakıda göstərilməsi yönümündə cəhdlərini davam etdirirdi. Yalvarın 27-də verilən məlumata görə, ““Forum” teatrı tərəfindən müsəlman həyatından alınmış “Arşın mal alan” adlı komediya tamaşaya qoyulmuşdur. Komediyanın qoyulduğu gün Şalyapinə bilet almaq üçün olan növbə bunun yanında müqayisə edilən bir şey deyildi. Bu qədər böyük müvəffəqiyyətə baxmayaraq, əsərin müəllifi ilə filmi çəkənlər arasında narazılıq üstündə film ekrandan götürüldü. Bizə verilən xəbərlərə görə, bu film yenidən teatrda tamaşaya qoyulacaqdır” (“Kine-jurnal”, 1917, 27 yanvar, N1-2).
Aprel ayında mətbuatda Ü.Hacıbəyovun Tiflisdə qastrolda olmasından istifadə edən Belyakov ayın 20, 21 və 22-də Mayılov teatrında “bütün Qafqaza səs salmış “Arşın mal alan” filminin göstəriləcəyi” (“Yeni iqbal”, 1917, 20 aprel) haqqında məlumat verib. Hətta mayın 17, 18 və 19-da Gəncədə (Yelizavetpolda – N.Ə.) “Peterburq” kinoteatrında “bizim ölkədə məşhur “Arşın mal alan” filminin göstəriləcəyi” haqqında (“Yujnıy Kavkaz”, 1917, 18 may) dərc etmişdi. Belyakovun bu cür təxribatları 1918-ci ildə də baş vermişdi. Yenə Ü.Hacıbəyovun qastrolda olmasından istifadə edən kinomöhtəkir mayın 24-də “Kolizey” kinematoqrafında (Torqovıy küçəsi, ev 38)“Arşın mal alan” şəklinin axırıncı dəfə olmaq üzrə göstəriləcəyi” haqqında elan dərc etdirmişdi. Bu dəfə o, tamaşaçıları cəlb etmək üçün “şəkillərdə rus dilindən əlavə türkcə də yazılar olduğunu” (“Bakı ətraf fəhlə, əsgər və matros şurasının əxbarı”, 1918) da yazmışdı. Həmin vaxtda Rəştdə qastrol səfərində olan Ü.Hacıbəyov (“Üzeyir Hacıbəyov, 1985-1948. Həyat və yaradıcılıq salnaməsi”, səh. 238) Belyakovun bu fırıldaqlarının qarşısını ala bilməmişdi.
Bununla belə, Belyakovun həmin filmi çəkib qurtarmadığı haqqında bəzi araşdırıcıların fikrinə də münasibət bildirmək istərdik. N.Sadıxov “Azərbaycan bədii kinosu” kitabında filmin yarımçıq qaldığını bildirir. Ancaq mətbuatda dərc edilən elanlar, filmə tamaşa edənlərin şəhadəti (Q.Məmmədli) filmin tamamlandığını sübut edir: “...Aşqabatın “Modern” kinoteatında “Arşın mal alan” filminin göstəriləcəyi barədə yerli qəzetlərdə xəbər verilmişdi. Müəllif xəbər tutmağa macal tapmasın deyə, “yalnız bircə gün nümayiş etdirildiyi üçün seans gündüz saat 4-də başlanacaqdır” sözləri də elana əlavə olunmuşdu. Gizli şəraitdə, o vaxtın primitiv texniki vasitəsi ilə çəkildiyindən, həm quruluş, həm də aktyor oyunu çox zəif idi. İşıq məsələsi düzgün həll edilmədiyindən, aktyorların simasını müəyyənləşdirmək mümkün deyildi. Film bircə gün Aşqabadda göstəriləndən sonra Orta Asiyanın başqa yerlərinə aparıldı. Sonralar elə həmin şəraitdə Tiflis, Gəncə və başqa şəhərlərdə göstərilməsini qəzet elanları xəbər verirdi. 1918-ci ildə Üzeyir Hacıbəyovun İrana getməsini bilən sahibkarlar filmi Bakıda da göstərdilər.” (“Ədəbiyyat və incəsənət”, 1969, 23 avqust ).
Kinoşünas A.Kazımzadə isə, əslində, Belyakovun “Arşın mal alan” filmini çəkmədiyini, buna heç lüzum da qalmadığını, B.Svetlovun “Filma” SC-də çəkdiyi 7 hissəli “Arşın mal alan” filminin prokat hüququnun Belyakovda olduğunu, “Forum” kino-teatrının müdiri A.Andreyevin “Kaspi” qəzetində dərc etdiyi elanda (“Müdiriyyət filmi cənab Belyakovun kinematoqrafik lentlərin prokatı kontorundan alıb. Teatrlar filmləri prokat kontorundan əldə edirlər”) bunu təsdiqlədiyini, “Arşın mal alan” əvvəlcədən Belyakovun ixtiyarında olduğuna görə, yarım ildən sonra həmin filmin tələm- tələsik yenidən çəkilməsinin inandırıcı olmadığını bildirir. Onda belə çıxır ki, Q.Belyakov rejissor B.Svetlovun çəkdiyi 7 hissəli filmi 4 hissəyəcən qısaldıb nümayiş etdirirmiş. Amma lentə baxanların “filmdə heç bir məşhur artist çəkilməmişdi” şəhadəti bu iddianı təsdiqləmir. Kinoşünas A.Dadaşovun isə “Kino” ensiklopedik lüğətində kinooperator İvan İvanoviç Belyakovun (1897-1967) həmin ərəfədə Bakıda da lentə alınan kino-jurnallarda assisent kimi iştirakı təsdiqləndiyini, ola bilsin, dram dərnəklərinin birində həvəskar aktyorların oynadığı tamaşanın lentə alınmasında iştirak etdiyini qeyd edir (Dadaşov A. ““Arşın mal alan”ın ekran yolu”, “Az.press.az”, 2016, 10 avqust). Bu faktın 4 hisəli film yaranmasına səbəb olduğu ilə bağlı əlimizdə tutarlı dəlil olmadığından, müəyyən bir fikir söyləmək çətindir.
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur