AMQF fəaliyyətinə və planlarına dair ictimai hesabatla çıxış edib - FOTO


Azərbaycan Milli QHT Forumu (AMQF) ötən 2 illik fəaliyyətinə və qarşıdakı planlarına dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirib.

Turkustan.az xəbər verir ki, AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli bu 2 illik qısa müddətdə kollektiv səylər nəticəsində Azərbaycan QHT-lərinin çətir təşkilatı olan Forumun beynəlxalq səviyyədə qəbul edilən brendə çevrildiyini qeyd edib:

“Bu gün AMQF Ekvadordan İndoneziyaya, Meksikadan Okeaniyaya qədər geniş arealı əhatə edən Qlobal Cənub məkanında, o cümlədən böyük türk coğrafiyasında fəaliyyət göstərir, yüzlərlə xarici QHT ilə tərəfdaşlıq münasibətlərinə malik, qlobal və regional təşəbbüsləri ilə tanınan nüfuzlu milli təşkilatdır. Etiraf etməliyik ki, bir neçə il əvvələ qədər Forumun adı heç Azərbaycanın özündə yetərincə tanınmırdı. Biz bu gün tam fərqli mənzərədəyik. Bu yüksəliş böyük zəhmət və ardıcıl fəaliyyətin nəticəsidir. Azərbaycan QHT-ləri bu gün dünya ilə danışır”. R. İskəndərli 2026-cı il mayın 14-də Bakıda 130-a yaxın ölkədən QHT-lərin iştirakı ilə Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform (GSNP)) Baş Assambleyasının keçiriləcəyini bəyan edib.

AMQF İdarə Heyətinin üzvü, deputat Pərvanə Vəliyeva bildirib ki, Qlobal Cənub QHT Platformasının (GSNP) Qoşulmama Hərəkatının QHT şəbəkəsi kimi tanınması üçün böyük şansı və perspektivi var: “Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələri bu tərkibdə yer alıb. Bu, Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir. Qoşulmama Hərəkatının gənclər və parlament şəbəkələri kimi QHT şəbəkəsi də ola bilər. Qlobal Cənub QHT Platforması buna layiqdir. Bu platformanın yaradılış ruhu İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri” ilə tam səsləşir. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır”.

AMQF İdarə Heyətinin üzvü, deputat Azər Allahverənov ötən il təsis edilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibliyinin Azərbaycan Milli QHT Forumunun təmsilçisinə həvalə edilməsini türk dünyasında bu təşkilata olan yüksək etimadın təzahürü kimi yanaşıb. A. Allahverənov 2026-cı il mayın 16-da – “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçiriləcəyini, bu tədbirin əsas tərəfdaşının isə TDT-yə üzv ölkələrin QHT Platformasının olacağını bildirib.

AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimli Azərbaycan Milli Forumunun yerli QHT-lərin institusional inkişafında mühüm mərkəzə çevrildiyini dilə gətirib: “Son 1 ildə yalnız AMQF-nin ofisində QHT-lərlə bağlı 128 müxtəlif tədbir keçirilib, bu tədbirlərdə ümumilikdə 3000 nəfərdən çox şəxs iştirak edib. Tədbir məkanları üzv QHT-lər üçün tamamilə ödənişsiz verilib. AMQF-nin “QHT Evi” olması ilə qürur duyuruq. Burada keçirilmiş ictimai müzakirələr və dinləmələr faydalı təşəbbüslərlə yadda qalıb”.

AMQF İdarə Heyətinin üzvü Xatirə Vəliyeva bildirib ki, QHT-lərin fəaliyyət miqyası və əldə etdiyi nəticələr genişləndikcə, bu sektora olan ictimai etimadın da paralel şəkildə artdığı müşahidə olunur. Bu etimadın mühüm göstəricilərindən biri Prezident İlham Əliyevin Azərbaycan QHT-lərinin təşəbbüsü ilə keçirilən forumlar, tədbirlərə müraciətlər ünvanlaması, çıxışlarında QHT-lərin fəaliyyətini qeyd etməsidir: “Qazanılan uğurlar QHT sektorunun nüfuzunu gücləndirir, əvvəlki mərhələlərdə mövcud olmuş neqativ təcrübələrin təsirini zəiflədir və QHT-lərə olan inamı möhkəmləndirir. Biz Azərbaycan Prezidenti cənab İlham Əliyevə QHT-lərin inkişafı üçün yaratdığı münbit şəraitə, davamlı dəstəyinə, Azərbaycan Milli QHT Forumuna QHT Agentliyinin Müşahidə Şurasında təmsil olunması barədə qərarına görə minnətdarıq”.

Xatirə Vəliyeva onu da vurğulayıb ki, Forum üzvləri WUF13-ə də ciddi hazırlaşıb./APA

AMQF fəaliyyətinə və planlarına dair  ictimai hesabatla çıxış edib - FOTO AMQF fəaliyyətinə və planlarına dair  ictimai hesabatla çıxış edib - FOTO AMQF fəaliyyətinə və planlarına dair  ictimai hesabatla çıxış edib - FOTO


MANŞET XƏBƏRLƏRİ