Ekran sənətimizin beşiyi başında - Üzeyir bəy Hacıbəyli-140


No description available.

Nəriman ƏBDÜLRƏHMANLI

(əvvəli BU LİNKDƏ)

Bununla əlaqədar, “Kaspi” qəzetinin 1917-ci il 20 aprel tarixli sayında xəbər verilmişdi ki, 4 hissədən ibarət “Arşın mal alan” komediyası Bakının Malıy teatrında aprelin 20-dən 22-dək göstəriləcək və filmi Şərq musiqi orkestri müşayiət edəcəkdir. Bu film Ü.Hacıbəylidən gizli surətdə müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə gah 7, gah da 4 hissədə nümayiş etdirilmişdir”. Əslində isə B.Svetlovun şəkdiyi 7, Q.Belyakovun lentə aldığı isə 4 hissəli olduğundan bu iki variant qarşıdırılır.

Şübhəsiz ki, ümid etdikləri yeni layihənin uğursuzluqla nəticələnməsi “Filma” aksioner cəmiyyəti və rejissor B.Svetlov üçün ağır zərbə idi. Səhmdarların çəkdikləri xərci ödəmək bir yana qalsın, cəmiyyətin və rejissorun nüfuzuna yetərincə xələl gəlmişdi. Bu səbəbdən də 1917-ci ilin fevralında Rusiyanı bürümüş inqilab alovları rejissor B.Svetlovu və operator Q.Lemberqi Peterburqa qayıtmağa təhrik etdi. Beləliklə, Azərbaycanda kino istehsalı 1917-ci ilin siyasi çaxnaşmaları üzündən, demək olar, durğunluqla əvəz olundu.

“Arşın mal alan” filminin uğursuzluğu kinodan gəlir götürməyə can atan tacirlərin də diqqətini cəlb etmişdi. Onlardan biri - Peturburqdan gəlmiş, kino istehsalı ilə heç bir əlaqəsi olmayan, Şərq xalçalarını alıb böyük səhmdar cəmiyyətlərinə satmaqla kapital toplamış sahibkar Q.Belyakov populyar musiqili komediyanı ekranlaşdırmaqla qazanc götürmək məqsədi güdürdü. O, nəinki əsərin ekran variantını yaratmaq üçün Ü.Hacıbəyovun razılığını almış, hətta peşəkar çəkiliş qrupu belə formalaşdıra bilməmişdi. Filmin quruluşçu-rejissoru, quruluşçu-operatoru, üstəlik, əsas rol ifaçılarının həvəskarlardan ibarət olması əvvəlcədən ciddi ekran əsərinin yaranacağına zəmanət vermirdi. Tədqiqatçı Ə.Qulubəyovun yazdığına görə, Belyakovun “Arşın mal alan” filmi “dekorasiya düzəldilmədən, evlərin və keçmiş “Forum” kinoteatrının həyətində lentə köçürülmüşdü. O, “Cavan Əsgər ilə Vəlinin macərası”, “Gəlin seçmək”, “Arşın mal alan”, “İkisi axtardı, biri tapdı” adlandırdığı4 hissədə çəkmişdi. Belyakov filmi yalnız xalıların fonunda lentə alır və guya bununla da milli kolorit yaratdığını iddia edirdi. Filmdəki təbii mənzərələr isə Zığ kəndi yaxınlığında, dəniz sahillərində çəkilirdi. Filmin çəkilişində o dövrün görkəmli artistlərindən heç biri iştirak etmirdi” (“Sovet Azərbaycanının kinosu”, Bakı, “Azərnəşr”, 1958, səh.10).

No description available.

Filmi çəkənlər isə “ən yaxşı müsəlman və erməni artistlərinin iştirak etdiyini” şəhərə yaymaqla tamaşaçıların diqqətini çəkməyə çalışırdılar. Amma onların cəhdləri heç bir səmərə vermədi. Bu lent həddindən artıq zəif olduğuna və əsərin müəllifi Ü.Hacıbəyovun də, onun sənət dostlarının da güclü müqavimətinə rast gəldiyinə görə, uğur qazana bilmədi. Filmin zəif olduğunu Ü.Hacıbəyovun həyat və yaradıcılıq salnaməsini yaratmış tədqiqatçı Q.Məmmədli də təsdiq edir: “Bu, incəsənət və ədəbiyyat ictimaiyyəti üçün, xüsusilə əsərin müəllifi Üzeyir Hacıbəyov üçün gözlənilməz hadisə idi. Film Bakıda yalnız bir-iki seans göstərilə bilmişdi. Əsərin lentə çəkilməsindən xəbər tutan Üzeyir Hacıbəyov müəllif kimi bu hadisəyə etiraz etmiş və əlaqədar təşkilatlara müraciət edərək filmin müəllifdən icazəsiz, eləcə də təsadüfi adamlar tərəfindən çəkildiyi üçün müsadirə ounmasını istəmiş, bundan sonra da filmin nümayişi dayandırılmışdı. Həmin filmin çəkilişində azərbaycanlı artistlərdən heç kəs iştirak etməmişdi. Yüngül yolla pul qazanmağa çalışan quruluşçuları müəllifin bu etirazından xəbər tutan kimi, lenti Bakıdan çıxarmışdılar. Quruluş müəllifdən icazəsiz və ictimaiyyətdən gizli verildiyi üçün çox məhdud, həm texniki vəsait, həm də aktyor sənətkarlığı cəhətdən çox yoxsul və primitiv film idi. Açıq havada, Bakının isti günəşi altında çəkildiyi üçün aktyorların sifətləri tanınmayacaq dərəcədə təhrif edilmişdi. Filmi Bakıda göstərməyə müvəffəq olmayan quruluşçular lenti çıxarıb Zakaspi vilayətinə, Aşqabad və Mərv şəhərlərinə aparıb orada nümayiş etdirməyə başladılar. Mən həmin gün (1917-ci il yanvarın 13-də – N.Ə.) Aşqabadda o filmi görmüşəm. Film quruluş cəhətdən, xüsusilə işıq cəhətdən müvəffəqiyyətsiz idi. Bunun bir səbəbi də filmin gizli şəraitdə çəkilməsindən irəli gəlmişdi» (Məmmədli Q. “Üzeyir Hacıbəyov, 1985-1948. Həyat və yaradıcılıq salnaməsi”, Bakı, “Yazıçı”, 1984, səh. 217).

Ə.Qulubəyov Belyakovun çəkdiyi “Arşın mal alan” filminin “1917-ci ilin noyabrında “Forum” kinoteatrında cəmi iki gün nümayiş etdirildiyini” (“Sovet Azərbaycanının kinosu”, səh. 10) yazır. Lakin onun, eləcə də, tədqiqatçı N.Sadıxovun araşdırmalarında bir qədər qeyri-dəqiqliyə yol verilib. Çünki əldə etdiyimiz faktlar göstərir ki, 1917-ci il yanvarın 3-də nümayişi təşkil edilən məhz Belyakovun ekranlaşdırdığı “Arşın mal alan” filmi olub. Belə ki, “Sovqat” qəzetində dərc olunmuş elanda “Bolşaya Morskaya küçəsində, “Forum” kinoteatrında 4 hissəli “Arşın mal alan” filminin göstəriləcəyi” barədə (1917, 4 yanvar) məlumat verilir, B.Svetlovun lentə aldığı film isə 7 hissəli idi. İki gün sonra “Sovqat”, “Açıq söz” və “Yeni iqbal” qəzetlərində dərc olunmuş elanlarda isə bu, tamamilə təsdiqlənir. Belə ki, ilk nümayişdən, Ü.Hacıbəyovun və bir qrup sənətçinin ciddi etirazından sonra filmi qeyri-qanuni yolla çəkmiş Belyakov onu bir daha nümayiş etdirməyə cürət göstərməyib. “Keçən gün yanvarın 3-də Bakıda “Forum” adlı kinomatoqrafda “Arşın mal alan” şəkli göstərilib. İkinci gün tamaşaçıların ədədi əvvəlkindən daha çox olub, basabas ilə bilet alınırdı. Qəflətən bilet alanlara elan etdilər ki, bu axşam “Arşın mal alan” göstərilməyəcək. Səbəbini göstərdilər ki, guya həmin şəkil yanmışdır. Camaat isə məyus olub dağıldı. Aldığımız inanılmış məlumata görə, bu işin əsli və həqiqəti belədir: “Arşın mal alan” şəkli Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” operettası məzmunundan iqtibas edilib, müsənnifdən (bəstəkardan – N.Ə.) icazəsiz şəklə salınmışdır. Ü.Hacıbəyov qradonaçalkinin yanına gedib şəklin müsənnifdən icazəsiz göstərildiyini bildirib, qradonaçalnikin əmri ilə şəkli saxlatdırmışdır” (”Sovqat”, 1917, 6 yanvar).

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ