Maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib ki, Azərbaycanın dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamika qorunur. Belə ki, 2026-cı ilin 1 oktyabr tarixinə dövlət borcu 23,9 mlrd. manat və ya illik ÜDM-in 17,3 faizi səviyyəsində olub.
Nazir qeyd edib ki, Azərbaycan dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ən aşağı olduğu ölkələr sırasındadır: “Dövlət borcunun 2026-2030-cu illərdə ümumi daxili məhsulun 20 faiz ətrafında saxlanılması nəzərdə tutulur. Borc portfelinin strukturu üzrə 16.2 mlrd. manat və ümumi portfelin 68 faizi daxili dövlət borcunun, 7.7 mlrd. manat və ya 32 faizi xarici dövlət borcunun payına düşür.
Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azdır. Belə ki, dövlət istiqrazlarının orta ödəmə müddətinin 3,6 ilə, 7 və 10 illik istiqrazların borc portfelindəki payının 44 faizə çatması portfelin keyfiyyətinin yaxşılaşmasını göstərir”.
Nazir qeyd edib ki, növbəti ildə bütün rayonlar öz gəlirləri hesabına öz xərclərini tam qarşılayacaq.
İqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılmasının nəticəsi olaraq növbəti ildə də neftdən asılılığın azalması tendensiyası qorunur. Belə ki, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi cari illə müqayisədə 1,7 faiz bəndi az olmaqla, 17,1 faiz proqnozlaşdırılır. Bu, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Növbəti ortamüddətli dövr üçün, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə endirilməsi əsas hədəflərimizdəndir”,-Sahil Babayev bildirib.
Nazir qeyd edib ki, 2027-ci ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faizə, dövlət büdcəsində payı isə 60,6 faizə çatacaqdır. Bu cari illə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz-bənd çoxdur.
S.Babayev bildirib ki, büdcədə qeyri-neft gəlirlərinin payının artması cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətinə öz müsbət təsirini göstərir. Belə ki, növbəti il üçün bu göstərici 90,1 faizə bərabər olacaqdır. Ortamüddətli dövrün sonuna cari xərclərin tam şəkildə qeyri-neft gəlirləri hesabına örtülməsi nəzərdə tutulur.
“2027-ci il üçün dövlət büdcəsi investisiyayönümlülüyü ilə də diqqəti cəlb edir. Belə ki, 2027-ci il üzrə dövlət büdcəsinin əsaslı xərcləri büdcə xərclərinin 32,5 faizinə bərabərdir. Bu isə region ölkələrini xeyli qabaqlayır. Həmçinin, sevindirici haldır ki, növbəti ildə bütün rayonlarımız öz gəlirləri hesabına öz xərclərini tam qarşılayacaq, beləliklə ilk dəfə olaraq dotasiyadan asılı hər hansısa bir rayonumuz qalmayacaqdır. Naxçıvan Muxtar Respublikasının isə öz gəlirlərinin daha da artması növbəti ildə Muxtar Respublikaya veriləcək dotasiyanın 6,4 faiz azalmasına imkan yaradacaqdır”,-deyə maliyyə naziri bildirib./Musavat.com