Süni intellektin inkişafında mühüm rol oynamış alim Cefri Hinton yaxın bir-iki il ərzində bu texnologiya ilə bağlı ciddi fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq edib. Onun fikrincə, mümkün hadisənin nəticələri Çernobıl qəzası ilə müqayisə oluna bilər və yalnız bundan sonra dünya liderləri süni intellektin yaratdığı təhlükələrə daha ciddi yanaşa bilərlər.
Turkustan.az xəbər verir ki, Nobel mükafatı laureatı bu barədə “The Guardian” nəşrinə müsahibəsində danışıb.
Hinton bildirib ki, bəlkə də bəşəriyyətin süni intellekti heç vaxt yaratmaması daha yaxşı olardı. Alimin əsas narahatlıqlarından biri isə süni intellekt agentlərinin kiberhücumlar üçün istifadəsinin genişlənməsidir.
Onun sözlərinə görə, bəzi süni intellekt modelləri artıq özlərini təcrid olunmuş mühitdən çıxarmaq və icazəsiz şəkildə xarici resurslara daxil olmaq qabiliyyəti nümayiş etdiriblər. Daha əvvəl “OpenAI” şirkətinin yeni modellərinin Avstraliyanın Səhiyyə Nazirliyinin sistemlərinə müdaxilə etdiyi və ABŞ dövlət qurumlarının portallarına hücumlar təşkil etdiyi barədə məlumatlar yayılıb.
Enerji və maliyyə sistemləri hədəfə çevrilə bilər
Hinton ehtiyat edir ki, süni intellekt gələcəkdə ya müstəqil şəkildə, ya da kibercinayətkarların idarəçiliyi altında enerji infrastrukturunun kritik obyektlərini sıradan çıxara bilər. Belə bir hücum genişmiqyaslı elektrik kəsintilərinə, eləcə də maliyyə sisteminin fəaliyyətinin pozulmasına səbəb ola bilər.
“Ya bu ilin sonunda, ya da gələn il bizi öz Çernobılımız gözləyir. Ola bilsin, bu, insanların nəhayət təhlükəyə diqqət yetirməsi üçün kifayət etsin”, deyə alim bildirib.
O, Çernobıl bənzətməsinin nüvə partlayışına aid olmadığını xüsusi vurğulayıb. Hintonun nəzərdə tutduğu ssenarilərdən biri süni intellekt vasitəsilə elektrik enerjisi istehsalı sisteminə hücum, digəri isə maliyyə sektorunun bir həftə müddətinə fəaliyyətini dayandırmasıdır.
Alim bu təhlükəyə kimin diqqət yetirməli olduğu barədə suala isə “Tramp istisna olmaqla, dünya liderləri” cavabını verib.
Süni intellekt şirkətləri də böyük insidentdən narahatdır
Hinton əvvəllər də süni intellektin mümkün riskləri barədə xəbərdarlıqlar edib. Bunlara kütləvi iş yerlərinin itirilməsi, təhlükəli virusların yaradılması, genişmiqyaslı kiberhücumlar və hətta bəşəriyyətin mövcudluğuna təhdidlər daxildir. Son dövrlərdə alim xüsusilə avtonom sistemlərin imkanlarının genişlənməsi fonunda kibertəhlükəsizlik məsələlərinə diqqət çəkir.
Maraqlıdır ki, süni intellekt sahəsində fəaliyyət göstərən böyük şirkətlərin rəhbərləri də texnologiyanın iştirakı ilə baş verə biləcək genişmiqyaslı fəlakətdən narahatdırlar. Lakin onların qayğıları yalnız fiziki və iqtisadi zərərlə məhdudlaşmır. Belə bir hadisə cəmiyyətdə süni intellektə olan etimadı ciddi şəkildə sarsıda və texnologiyanın inkişafını ləngidə bilər.
“Axios” nəşri 2026-cı ilin oktyabrında “Anthropic” və “OpenAI” şirkətlərinin geniş ictimai rezonans doğuracaq ilk böyük süni intellekt insidentinə hazırlaşdıqları barədə yazıb. Belə hadisənin hökumətləri texnologiyanın inkişafına daha sərt məhdudiyyətlər tətbiq etməyə sövq edə biləcəyi qeyd olunub.
Müzakirə olunan əsas ssenarilər sırasında bankların, internetin, elektrik və su təchizatı sistemlərinin fəaliyyətini poza biləcək genişmiqyaslı kiberhücumlar yer alır. Nəşrin danışdığı mütəxəssislər belə bir insidentin qarşıdakı 6-12 ay ərzində baş verə biləcəyini ehtimal edirlər. /Qaynarinfo/