İqtisadi inkişaf səviyyəsi və əhalinin maddi rifahı ölkələrin zənginliyini müəyyən edən əsas göstəricilərdən hesab olunur.
Turkustan.az xəbər verir ki, lakin dövlətlərin iqtisadi gücü ilə vətəndaşların şəxsi sərvəti hər zaman üst-üstə düşmür.
Beynəlxalq hesabatlar da dünyanın ən varlı ölkələri arasında yer alan dövlətlərdə belə sərvətin bölüşdürülməsində ciddi fərqlərin olduğunu göstərir.
UBS bankın “Global Wealth Report 2026” hesabatına əsasən, bir yetkin şəxsə düşən orta şəxsi sərvət göstəricisinə görə İsveçrə dünyada ilk yerdə qərarlaşıb.
Ölkədə hər yetkin şəxsin orta sərvəti 910 min 382 dollar təşkil edib. ABŞ 696 min 277 dollarla ikinci, Lüksemburq isə 654 min 732 dollarla üçüncü olub.
Reytinqdə növbəti yerləri Honkonq (648 min 267 dollar), Avstraliya (616 min 306 dollar), Sinqapur (527 min 217 dollar), Danimarka (523 min 344 dollar), Yeni Zelandiya (449 min 852 dollar), Norveç (425 min 391 dollar) və Niderland (415 min 287 dollar) tutub.
Lakin hesabatda diqqət çəkən əsas məqamlardan biri orta və median sərvət (bir ölkədə və ya cəmiyyətdə bütün fərdlərin (və ya ailələrin) sərvətləri azdan çoxa doğru sıralandıqda tam ortada yerləşən şəxsin sərvət göstəricisidir) göstəriciləri arasındakı fərqdir.
Median sərvət əhalinin yarısının malik olduğu sərvətin müəyyən göstəricidən aşağı, digər yarısının isə yuxarı olduğunu göstərir.
Bu meyara görə Lüksemburq 394 min 5 dollarla birinci, Belçika 277 min 166 dollarla ikinci, Avstraliya isə 210 min 783 dollarla üçüncü yerdədir.
Maraqlıdır ki, orta sərvət göstəricisində dünya lideri olan İsveçrə median sərvət üzrə səkkizinci, ABŞ isə 28-ci yerdə qərarlaşıb.
Bu fərq yüksək sərvətə malik insanların ümumi orta göstəriciyə təsirini və ölkələr daxilində sərvətin qeyri-bərabər bölüşdürülməsini göstərir.
Hesabatın digər diqqətçəkən nəticəsinə görə, 2025-ci ildə dünyada milyonerlərin sayı 1,5 faiz artaraq təxminən 1 milyon nəfərə yüksəlib.
Yeni milyonçuların 440 mindən çoxu ABŞ-ın payına düşüb. Eyni zamanda, dünya üzrə şəxsi sərvət 2025-ci ildə dollar ifadəsində 10,8 faiz artıb.
Beynəlxalq reytinqlər göstərir ki, ölkənin ən varlı dövlətlər sırasında yer alması onun bütün əhalisinin eyni səviyyədə sərvətə sahib olması demək deyil.
Orta göstəricilərlə median sərvət arasındakı fərq isə iqtisadi güclə əhalinin real maliyyə vəziyyətinin qiymətləndirilməsində mühüm rol oynayır. /Cebheinfo.az/