“On ay ərzində dövlət büdcəsi 4,8 milyard manat profisitlə icra olunub. Oktyabr ayının sonuna olan məlumata görə, ölkəmizin strateji valyuta ehtiyatları 89 milyard dollara yaxınlaşıb. Bu isə xarici dövlət borcundan təqribən 20 dəfə çoxdur”.
Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Spiker bildirib ki, ilin mühüm yekunlarından biri "Büyük Qayıdış"ın davam etməsidir:
"Yaşayış məskənləri və infrastruktur bərpa edildikcə doğma yurduna qayıdan ailələrin sayı artır. Sosial sahəyə də böyük diqqət yetirilir, insanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür. Bu il əldə edilən nəticələr 2027-ci ilin büdcəsinin formalaşdırılması üçün əlverişli ilkin şərtləri təmin edib".
O, gələn ilin dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırıldığını qeyd edib:
"Bu, cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur. Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat olacaq. Bu da cari illə müqayisədə təqribən 696 milyon manat çoxdur.
Gələn il büdcə xərclərinin prioritetləri arasında iqtisadi artımın dəstəklənməsi ilə bərabər əhalinin sosial müdafiəsinin, xüsusən həssas təbəqələrin sosial təminatının daha da gücləndirilməsi əsas yer tutur.
Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, sərhədlərin toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması yenə də diqqət mərkəzində olacaq.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpa olunması, habelə əhalinin doğma yurdlarına qaytarılması davam etdiriləcək. Süni intellekt texnologiyalarının tətbiqi, təmiz ətraf mühitin və yaşıl artımın təmin olunması da büdcənin prioritetləri sırasındadır"./Bizim.Media