Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda binalar inşa edən iş adamı Nofəl Hacıyev və “Təbriz” MTK-nın icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Musavat.com xəbər verir ki, elan olunan hökmə görə, üzərinə həbs qoyulan “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə olunub. Nəhəng obyekt hərracdan satılaraq əldə olunan vəsait hesabına iş üzrə zərərçəkmiş 171 vətəndaşa vurulmuş ziyan ödəniləcək. Hökmlə Nofəl Hacıyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Talış Məhəmmədova isə 1 il şərti cəza təyin olunub.
![]()
1 ildən artıqdır davam edən prosesdə Nofəl Hacıyev etirafedici ifadələr verib. O, bildirib ki, mənzil üçün vətəndaşlar tərəfindən ona verilən vəsaitləri şəriki və qaynatası Tahir Qədəşovun “Atlant” Ailəvi İstirahət Mərkəzinin genişləndirilməsinə yönəldib.
İstintaq materiallarına əsasən, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri vətəndaşlara satsa da, tikinti başa çatdırılmayıb və nəticədə 171 ailə həm evsiz, həm də pulsuz qalıb. Lakin məhkəmə prosesinin gedişi mənimsənilən 14 milyon manatdan artıq vəsaitin hara xərclənməsi ilə bağlı qalmaqallı detalları üzə çıxarıb.
Xatırladaq ki, 2002-ci ildə Nabranın meşəlik və dənizsahili ərazisində salınmış “Atlant” Ailəvi İstirahət Mərkəzi ölkənin ən iri turizm obyektlərindən biri hesab olunur. Kompleksin ərazisində 4 akvapark, 200-ə yaxın kottec, otellər, restoranlar və geniş əyləncə infrastrukturu mövcuddur. Müstəqil qiymətləndiricilər bu nəhəng obyektin bazar dəyərini 80–100 milyon manat civarında qiymətləndirirlər./Musavat.com