Vens 2028-ci il seçkilərində namizəd olacaq? - Pərdəarxası detallar


ABŞ-ın vitse-prezidenti JD Vensin 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi hələlik məlum deyil.

Turkustan.az xəbər verir ki, vitse-prezidentə yaxın mənbələr onun bu məsələ ilə bağlı qərarsız olduğunu və yekun qərarını yalnız yeni ildən sonra verə biləcəyini bildiriblər.

"Axios" nəşrinə danışan adları açıqlanmayan rəsmilərin sözlərinə görə, Respublikaçıların aralıq seçkilərdə məğlubiyyəti Vensin partiyanın 2028-ci il prezident seçkiləri üçün əsas namizədi kimi mövqeyinə təsir etməyib.

Mənbələr Vensin namizədlik məsələsini həyat yoldaşı Uşa və ailəsi ilə müzakirə etdiyini bildiriblər. Onların iddiasına görə, vitse-prezident seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarını yeni ildən sonra verəcək. Bu qərarın isə yazın sonlarına qədər ictimaiyyətə açıqlanmayacağı gözlənilir.

Bildirilib ki, Vensin ehtiyatlı davranmasının səbəblərindən biri namizədliyini erkən elan etməklə diqqəti hazırkı prezident Donald Trampdan yayındırmaq istəməməsidir.

Mənbələr həmçinin Vensin Peter Thiel, Devid Saks və İlon Mask kimi nüfuzlu donorlarla əlaqələrinin olduğunu qeyd ediblər. Onların sözlərinə görə, vitse-prezident aralıq seçki kampaniyası zamanı 2028-ci il prezidentlik yarışında ona dəstək verə biləcək şəxslərlə də əlaqələr qurub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ